“Qeyri-neft ixracı 20 faizdən çox artaraq 3,6 milyard dollara çatıb“ - AZƏR BAYRAMOV
Azərbaycan iqtisadiyyatı yeni mərhələyə makroiqtisadi və fiskal sabitlik şəraitində daxil olur. Onun sözlərinə görə, 2026-cı ilin ilk 10 ayında qeyri-neft sektoru üzrə artım 2,9 faiz təşkil edib, qeyri-neft ixracı isə 20 faizdən çox artaraq 3,6 milyard ABŞ dollarına çatıb.
SİA xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin komitə iclasında deyib.
Nazir müavini qeyd edib ki, qeyri-neft sektorunda qeydə alınan artım ölkənin ümumi daxili məhsulunun yüksəlməsində əsas rol oynayır. O bildirib ki, cari ilin 10 ayında qeyri-neft-qaz sənayesində 5,9 faiz, nəqliyyat sektorunda 10,2 faiz, informasiya və rabitə sahəsində isə 9,9 faiz artım əldə olunub.
Azər Bayramovun sözlərinə görə, qeyri-neft ixracının artımında sənaye məhsullarının xüsusi çəkisi yüksəkdir. Belə ki, qeyri-neft ixracının 60 faizini sənaye məhsulları təşkil edib.
Nazir müavini ortamüddətli dövr üzrə iqtisadi artım proqnozlarına da toxunub. Bildirib ki, 2027-ci ildə iqtisadi artımın 2,7 faiz, 2027-2030-cu illərdə isə orta hesabla 3,3 faiz olacağı gözlənilir. Qeyri-neft sektoru üzrə bu göstəricinin 4,4 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
O, növbəti illərdə qeyri-neft sənayesində 7 faiz, informasiya və rabitə sektorunda 11 faiz, turizm sahəsində 8 faizdən çox, nəqliyyat sektorunda isə 5 faizdən yuxarı artım gözlənildiyini diqqətə çatdırıb.
Azər Bayramov vurğulayıb ki, əldə olunan iqtisadi nəticələrdə dövlət dəstək mexanizmlərinin mühüm rolu var. Onun sözlərinə görə, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, zəmanət və subsidiya mexanizmlərinin tətbiqi, ixracatçıların daşınma və gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsinin kompensasiya olunması iqtisadi fəallığın artırılmasına xidmət edir.
Nazir müavini əlavə edib ki, investisiya təşviqi mexanizminin aqroparklara və müasir istixanalara şamil edilməsi də sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir.
O qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsi ölkənin qarşıya qoyduğu iqtisadi hədəflərin reallaşdırılması üçün mühüm maliyyə təminatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB