"Azərbaycan Avropanın gələcək iqtisadi inkişafında mühüm tərəfdaşdır" - POLİTOLOQ
"Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Dublində keçirilən “Rəqabətqabiliyyətli Avropanın qurulması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirakı Azərbaycanın Avropanın gələcək iqtisadi və enerji arxitekturasında artan rolunun göstəricisidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2)_(1)_(1)_(1)_(1)_(2)_(2).jpg)
Onun sözlərinə görə, bu tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, müasir Avropanın rəqabət qabiliyyəti artıq təkcə iqtisadi göstəricilər, sənaye potensialı və texnoloji inkişafla ölçülmür. Enerji təhlükəsizliyi, alternativ enerji mənbələri və etibarlı nəqliyyat-kommunikasiya xətləri də Avropanın strateji dayanıqlılığının əsas şərtlərinə çevrilib. Azərbaycan məhz bu istiqamətlərin hər birində Avropa üçün əhəmiyyətli tərəfdaşdır:
"Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin konkret rəqəmlərlə ifadə olunması xüsusi diqqət çəkir. 2022-ci ildə Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumundan sonra Azərbaycandan Avropa İttifaqına qaz ixracının 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlməsi ölkəmizin etibarlı enerji təchizatçısı mövqeyini daha da möhkəmləndirib. Bu, Azərbaycanın Avropa üçün alternativ enerji mənbəyi olmaqla yanaşı, uzunmüddətli enerji təhlükəsizliyinin təminatında iştirak edən strateji tərəfdaş olduğunu göstərir.
Burada digər mühüm məsələ Azərbaycanın coğrafi mövqeyi və tranzit imkanlarıdır. Bakıdan İtaliyaya qədər uzanan, yeddi ölkənin ərazisindən keçən və on Avropa İttifaqı üzvünün enerji təminatına töhfə verən infrastruktur ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini artırır. Bu marşrutun ötürücülük imkanlarının genişləndirilməsi Avropanın enerji təhlükəsizliyinə, eyni zamanda Azərbaycanın iqtisadi və siyasi mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Dəyirmi masanın mövzusunda innovasiya və bağlantıların enerji ilə eyni kontekstdə müzakirə olunması da təsadüfi deyil. Çünki gələcəyin iqtisadi rəqabətində enerji resurslarına malik olmaq qədər həmin resursları səmərəli istehsal etmək, daşımaq və yeni texnologiyalarla inteqrasiya etmək də vacibdir. Azərbaycanın bərpaolunan enerji potensialı, yaşıl enerji layihələri və regional bağlantı imkanları bu baxımdan ölkəmizə əlavə perspektivlər açır.
Məncə, Prezident İlham Əliyevin belə bir platformada iştirakı Azərbaycanın Avropa ilə münasibətlərinin ənənəvi enerji əməkdaşlığı çərçivəsindən daha geniş müstəviyə keçdiyini nümayiş etdirir. Azərbaycan artıq Avropanın enerji təminatında iştirak edən ölkə olmaqla kifayətlənmir, qitənin iqtisadi təhlükəsizliyi, nəqliyyat bağlantıları və gələcək inkişaf prioritetləri üzrə müzakirələrin də mühüm iştirakçısına çevrilir.
Bu iştirakın siyasi əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Avropa Siyasi Birliyi kimi geniş platformalarda Azərbaycanın iştirakı ölkəmizin regional və beynəlxalq proseslərdə müstəqil mövqeyinin, artan diplomatik çəkisinin və tərəfdaşlıq imkanlarının təqdim edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın Avropa ilə münasibətləri qarşılıqlı maraqlar, konkret iqtisadi nəticələr və uzunmüddətli strateji əməkdaşlıq üzərində qurulur. Dublindəki müzakirələr də bu reallığın növbəti nümayişidir.
Beləliklə, Prezident İlham Əliyevin 9-cu Zirvə Toplantısı çərçivəsində iştirakı Azərbaycanın Avropa üçün əhəmiyyətinin təkcə enerji resursları ilə məhdudlaşmadığını, ölkəmizin gələcəyin Avropa iqtisadiyyatında və regional bağlantı sistemində də mühüm tərəfdaş kimi çıxış etdiyini göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB