8 Noyabr – Şuşanın işğaldan azad olunması: Zəfərin zirvəsi, milli qürurun təntənəsi - MƏQALƏ
8 Noyabr Azərbaycan tarixinin ən şanlı, ən qürurlu və unudulmaz səhifələrindən biridir. Bu gün Şuşanın işğaldan azad edildiyi, xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və Azərbaycan əsgərinin qəhrəmanlığının bütün dünyaya nümayiş olunduğu möhtəşəm Zəfər günüdür.
Şuşa Azərbaycan ruhunun, milli kimliyimizin, mədəniyyətimizin və tarixi yaddaşımızın rəmzidir. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyidir. Bu şəhərin azadlığı təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın mənəvi qələbəsi, tarixi ədalətin təntənəsi idi.
2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması xəbərini xalqa çatdırarkən səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözləri hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Bu, sadəcə bir müraciət deyildi. Bu, 28 illik həsrətin sona çatdığını, bir xalqın qürurunun özünə qaytarıldığını bəyan edən tarixi çağırış idi.
Şuşanın azadlığı hərb tariximizə qızıl hərflərlə yazılmış misilsiz qəhrəmanlıq nümunəsidir. Azərbaycan əsgəri mürəkkəb dağlıq relyefdə, olduqca çətin döyüş şəraitində, böyük şücaət və fədakarlıq göstərərək Şuşanı düşmən işğalından azad etdi. Bu qələbə Azərbaycan Ordusunun peşəkarlığını, döyüş ruhunu və yenilməzliyini bütün dünyaya sübut etdi.
Bu Zəfərin mənəvi kökləri isə daha dərin idi. Ulu Öndər Heydər Əliyevin Şuşaya, Qarabağa bağlılığı, bu torpaqların azad olunacağına inamı xalqımızın yaddaşında yaşayırdı. Onun Şuşa – Cıdır düzü haqqında vəsiyyətə çevrilmiş arzuları, bu şəhərin Azərbaycan üçün əvəzsiz əhəmiyyəti barədə fikirləri hər zaman milli yaddaşımızın bir parçası olub.
Prezident İlham Əliyev 8 noyabr 2020-ci il tarixində, Şuşanın düşmən tapdağından azad edildiyi gün, Ulu Öndər Heydər Əliyevin məzarı önündə ehtiramla baş əyərək ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Bu, sadəcə övladın atasına hesabatı deyildi, bu həm də dövlətçilik ənənələrinin, milli idealların və tarixi varisliyin təntənəsi idi.
Şuşanın azadlığından sonra onun dirçəldilməsi də böyük dövlətçilik iradəsinin və quruculuq əzminin təcəssümüdür. Vaxtilə xarabalığa çevrilmiş, tarixi abidələri dağıdılmış şəhər qısa müddətdə yenidən quruldu. Şuşaya aparan yollar çəkildi, infrastruktur yaradıldı, yaşayış evləri, tarixi binalar, məscidlər, muzeylər və mədəniyyət ocaqları bərpa olundu. Şəhər yenidən öz tarixi görkəminə qovuşdu.
Bu gün Şuşa yalnız bərpa edilən şəhər deyil, həm də Azərbaycanın quruculuq qüdrətinin, milli-mənəvi dirçəlişinin nümayişidir. Vaqif Poeziya Günlərinin, Xarıbülbül Musiqi Festivalının yenidən keçirilməsi, Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun əvvəlki şöhrətinin özünə qaytarıldığını göstərir. Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı olması bu şəhərin beynəlxalq nüfuzunun da bərpa edildiyinin göstəricisidir.
Şuşan azad edildikdən sonra Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın bu şəhərə hər səfəri, burada keçirilən hər tədbir, qaldırılan üçrəngli bayrağımız Azərbaycanın öz tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxdığının bariz nümunəsidir. Dövlət başçısının Şuşada söylədiyi “Biz Şuşanı dirçəldəcəyik” vədi qısa müddətdə real işlərlə təsdiqini tapdı.
Əlbəttə, bütün bunların təməlində şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı dayanır. Şuşanın azadlığı uğrunda canından keçən igidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların qəhrəmanlığı qarşısında baş əyirik!
Bu gün Şuşa azaddır, Şuşa dirçəlir, Şuşa yenidən Azərbaycanın mədəniyyət və mənəviyyat mərkəzi kimi dünyaya səs salır. Bu gün Şuşada Azərbaycan bayrağı dalğalanır, Azərbaycan musiqisi səslənir, Qarabağda həyat yenidən canlanır.
8 Noyabr bizə bir daha sübut etdi ki, milli birlik, güclü dövlətçilik, qətiyyətli lider və yenilməz ordu qarşısında heç bir maneə dayana bilməz. Azərbaycan xalqı öz gücünə arxalanaraq ən böyük tarixi məqsədinə nail oldu.
Biz bu Zəfərə aoaran çətin, amma qürurlu yolu heç vaxt unutmayacayıq. Şuşanın azadlığı yalnız bu günümüzün deyil, gələcəyimizin də möhkəm təməlidir.
Bu gün fəxrlə deyirik: Əziz Şuşa, sən azadsan! Biz qayıtmışıq! Biz səni dirçəltmişik!
Yaşasın müzəffər Azərbaycan xalqı! Yaşasın qüdrətli Azərbaycan Ordusu! Yaşasın qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı!
Qarabağ Azərbaycandır! Şuşa Azərbaycandır!
Millət Vəkili Jalə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB