“Ölkə başçısının “Şuşasız işimiz yarımçıq qalar” fikri xalqda böyük inam yaratmışdı” - DEPUTAT DANIŞDI

“Ölkə başçısının “Şuşasız işimiz yarımçıq qalar” fikri xalqda böyük inam yaratmışdı” - DEPUTAT DANIŞDI

”8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın tarixində müstəsna əhəmiyyətə malik olan, milli qürur və qəhrəmanlıq salnaməmizi özündə əks etdirən əlamətdar gündür. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin ən möhtəşəm səhifələrindən biri olmaqla, xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və dövlətimizin qüdrətinin təntənəsidir”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qarabağ Zəfərinə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu:

”Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik strategiyası, milli maraqlara əsaslanan siyasət və güclü dövlət quruculuğu sonrakı tarixi mərhələdə Azərbaycanın böyük qələbəsinə zəmin yaratdı. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək iqtisadi və hərbi potensialı güclü, beynəlxalq nüfuzu yüksələn Azərbaycan dövləti formalaşdırdı. Ordumuzun müasir silah və texnika ilə təchiz edilməsi, hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin həlledici mərhələsi oldu. Xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi, ordumuzun misilsiz qəhrəmanlığı və əsgər-zabitlərimizin fədakarlığı tarixi Zəfəri təmin etdi.

Cənab Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsinin strateji və mənəvi əhəmiyyətini xüsusi vurğulayırdı. Dövlətimizin başçısının “Şuşasız bizim işimiz yarımçıq qalar” fikri xalqımızın qəlbində böyük inam yaratmışdı. Nəhayət, 2020-ci il noyabrın 8-də rəşadətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad edərək tariximizin ən şanlı səhifələrindən birini yazdı.

Şuşa əməliyyatı hərb tariximizə misilsiz qəhrəmanlıq nümunəsi kimi daxil oldu. Əsgər və zabitlərimiz ağır relyef şəraitində, sıldırım qayalardan və keçilməz meşələrdən keçərək, müasir hərbi texnikanın istifadəsinin məhdud olduğu ərazidə əlbəyaxa döyüşlər aparmaqla düşməni məğlub etdilər. Bu əməliyyat Azərbaycan əsgərinin Vətən sevgisinin, cəsarətinin və döyüş ruhunun təntənəsi idi. Şuşanın azad olunması ilə Ermənistanın hərbi-siyasi məğlubiyyəti qaçılmaz oldu və 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı.

Noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev Şuşanın azad edildiyini böyük qürur hissi ilə bəyan etdi. Dövlətimizin başçısının həmin müraciətdə səsləndirdiyi “Bu, dəmir yumruqdur” ifadəsi xalqımızın birliyinin və milli həmrəyliyinin rəmzinə çevrildi. Bu birlik göstərdi ki, Azərbaycan xalqı öz dövlətinin və ordusunun ətrafında səfərbər olaraq ən çətin vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır.

Şuşanın azad edilməsi ilə qazanılan tarixi Zəfər 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə öz məntiqi davamını tapdı. Ölkəmizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu, separatizmin mövcudluğuna son qoyuldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edən qüdrətli dövlət olduğunu bir daha nümayiş etdirdi.

Bu gün Şuşada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin Qarabağa, onun tarixi-mədəni irsinə və gələcəyinə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin tarixi simasının qorunması, infrastrukturun yenidən qurulması, yaşayış və sosial obyektlərin inşası, tarixi abidələrin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Zəfər Yolu, yenidən qurulan yaşayış binaları, hotellər, sosial və xidmət obyektləri Şuşanın yeni inkişaf mərhələsinin real göstəriciləridir.

Şuşanın mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması da dövlət siyasətinin mühüm istiqamətlərindəndir. 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2022-ci ilin “Şuşa İli” olması, şəhərin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi onun beynəlxalq mədəni nüfuzunun göstəricisidir. 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıması Şuşanın turizm potensialının və beynəlxalq əhəmiyyətinin daha da artmasına xidmət edir.

Eyni zamanda, Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli və uzunmüddətli əsaslarla həyata keçirilməsini təmin edir. Bu plan çərçivəsində tarixi-memarlıq irsinin qorunması, müasir şəhər infrastrukturu, sosial xidmətlər və ekoloji tarazlıq əsas prioritetlər kimi müəyyənləşdirilib.

Bu gün Şuşa Azərbaycanın tarixi yaddaşının, mədəni kimliyinin və milli iradəsinin rəmzidir. Vaxtilə düşmən tərəfindən dağıdılan, talan edilən, milli-mədəni irsinə qəsd olunan şəhərimiz indi yenidən dirçəlir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin öz əvvəlki yerlərinə qaytarılması tarixi ədalətin bərpasının rəmzi mənası daşıyır.

Şuşaya Böyük Qayıdış dövlətimizin qarşıya qoyduğu strateji məqsədlərin mühüm tərkib hissəsidir. Doğma yurda qayıdan sakinlərin öz evlərində təhlükəsiz və layiqli həyat sürməsi, şəhərin iqtisadi, sosial və mədəni potensialının inkişaf etdirilməsi istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Hesab edirəm ki, Şuşanın azad edilməsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq qəhrəmanlıq salnaməsidir. Bu Zəfər Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının təntənəsi, cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, rəşadətli Ordumuzun gücünün və xalqımızın birliyinin nəticəsidir.

Bu əlamətdar gündə Şuşanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə