“Böyük Qayıdış ölkəmizin gücünü, milli birliyini və Prezidentin uğurlu siyasətini əks etdirir” -DEPUTAT DANIŞDI

“Böyük Qayıdış ölkəmizin gücünü, milli birliyini və Prezidentin uğurlu siyasətini əks etdirir” -DEPUTAT DANIŞDI

“Böyük Qayıdış layihəsi Azərbaycanın müasir tarixində ən mühüm dövlətçilik, quruculuq və sosial inkişaf layihələrindən biridir. Bu proses təkcə işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qaytarılması deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi, tarixi ədalətin bərpası və həmin torpaqlarda həyatın yenidən canlandırılması deməkdir”.

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli iradəsi, məqsədyönlü siyasəti və uzaqgörən strategiyası nəticəsində vaxtilə dağıdılmış şəhər və kəndlərimiz bu gün müasir inkişaf mərhələsinə qədəm qoyub:

“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət həyata keçirilməyə başlandı. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində yaşayış məntəqələrinin bərpası, yol-nəqliyyat infrastrukturunun qurulması, elektrik enerjisi, su, qaz və rabitə təminatının yaradılması əsas prioritetlər kimi müəyyənləşdirildi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri dövlət siyasətinin konkret nəticələrini nümayiş etdirir. Yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, inzibati binalar, istehsal və xidmət müəssisələri tikilir, müasir infrastruktur formalaşdırılır. Vaxtilə həyatın dayandığı ərazilərdə yeni iş yerləri açılır, iqtisadi fəallıq artır, sahibkarlıq imkanları genişlənir. Bütün bunlar Böyük Qayıdışın yalnız məskunlaşma deyil, eyni zamanda, hərtərəfli sosial-iqtisadi inkişaf strategiyası olduğunu təsdiqləyir.

Bu qayıdışın ən mühüm tərəflərindən biri insanların doğma yurdlarında təhlükəsiz və layiqli yaşayış şəraiti ilə təmin edilməsidir. Burada yalnız evlərin tikilməsi kifayət etmir. İnsanların işlə təmin olunması, uşaqların təhsil alması, tibbi xidmətlərdən yararlanması, sosial və mədəni həyatda iştirak etməsi də vacibdir. Məhz buna görə dövlət tərəfindən yaşayış infrastrukturu ilə yanaşı, məktəblərin, tibb müəssisələrinin, mədəniyyət ocaqlarının və müxtəlif istehsal sahələrinin yaradılmasına xüsusi diqqət yetirilir.

Son köç prosesləri də Böyük Qayıdışın ardıcıl şəkildə davam etdiyini göstərir. 2026-cı ilin sentyabr ayında Ağdərə, Xocalı, Cəbrayıl, Xocavənd, Ağdam, Laçın rayonlarına və Xankəndi şəhərinə 302 ailə, ümumilikdə 1251 nəfər köçürülüb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz cəmi 6 il ərzində 100 minə yaxın insanı Qarabağ və Şərqi Zəngəzura qaytarmışıq, onlar üçün mümkün olan ən gözəl şərait yaratmışıq”. Bu göstəricilər qısa müddət ərzində həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin və dövlətin qayıdış siyasətinin miqyasını nümayiş etdirir. Hər yeni köç karvanı illərlə doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə, xatirələrinə və tarixi köklərinə qovuşması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tək bir gündə ölkə başçısı neçə müəssisənin açılışında və təməlqoyma mərasimində iştirak edib, noyabrın 7-də Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində həyata keçirdiyi açılışlar, təməlqoyma mərasimləri və infrastruktur layihələri Böyük Qayıdışın çoxşaxəli xarakterini bir daha nümayiş etdirir. Dövlət başçısı Şuşada Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.
Xankəndidə Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı olub, universitetin Kitabxana və İnnovasiya Mərkəzi binalarının təməli qoyulub. Eyni zamanda, Xankəndi Şəhər Stadionu əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Ağdamda isə Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq keçirilib, iki istehsal müəssisəsinin açılışı baş tutub.
Ölkə başçısı həmin gün Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə də tanış olub.

İstifadəyə verilən obyektlərin əhəmiyyəti onların müxtəlif sahələri əhatə etməsindədir. Şuşa Dövlət Peşə Təhsil Mərkəzi bölgədə ixtisaslı kadrların hazırlanmasına, Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasına, Xankəndi Stadionu isə idman həyatının canlandırılmasına xidmət edir. Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin və Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılması isə yerli istehsalın genişləndirilməsi, iqtisadi fəallığın artırılması və yeni iş yerlərinin yaradılması baxımından mühüm addımdır. Tədbirlərdə elm və təhsil, səhiyyə, gənclər və idman sahələrinə məsul dövlət qurumlarının rəhbərlərinin iştirakı da bu prosesin kompleks xarakterini göstərir.

Böyük Qayıdışın gələcək perspektivləri Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında da xüsusi vurğulanıb. Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin, əhalinin məskunlaşmasının və iqtisadi inkişafın qarşıdakı illərdə daha geniş vüsət alacağını bildirib. Prezident İlham Əliyevin “Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək” fikri bu istiqamətdə dövlət siyasətinin əsas hədəflərindən birini ifadə edir. Bu bəyanat həm də doğma torpaqlarına qayıtmağı gözləyən minlərlə ailə üçün mühüm ümid və inam mənbəyidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzurda yalnız yaşayış evləri deyil, insanların gələcəyini müəyyənləşdirən sosial və iqtisadi imkanlar yaradılır. İnfrastrukturun qurulması, təhsil və səhiyyə müəssisələrinin fəaliyyətə başlaması, sənaye parklarının inkişafı, investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin açılması qayıdan insanların doğma torpaqlarında daimi məskunlaşmasına zəmin yaradır. Bu yanaşma Böyük Qayıdışın müvəqqəti köç prosesi deyil, uzunmüddətli və dayanıqlı inkişaf strategiyası olduğunu təsdiqləyir.

Böyük Qayıdış layihəsi Prezident İlham Əliyevin uğurlu siyasətinin, Azərbaycanın iqtisadi və siyasi imkanlarının, xalqımızın milli birliyinin mühüm təzahürüdür. Bu layihə torpaqlarımızın yenidən qurulması ilə yanaşı, tarixi yaddaşımızın, milli kimliyimizin və doğma yurda bağlılığımızın təcəssümüdür. Qarabağ və Şərqi Zəngəzurda hər yeni açılan müəssisə, istifadəyə verilən məktəb, xəstəxana, stadion, istehsal sahəsi və salınan yaşayış məntəqəsi Böyük Qayıdışın real nəticələrini ortaya qoyur. Ən əsası isə vaxtilə doğma yurdlarından didərgin düşmüş insanlar artıq öz evlərində gələcək qururlar. Böyük Qayıdış Azərbaycanın Zəfər tarixinin quruculuq, dirçəliş və inkişaf mərhələsidir”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə