8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən möhtəşəm səhifəsidir - MƏQALƏ
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yeri olan, milli qürurumuzun, dövlətçilik iradəmizin və sarsılmaz birliyimizin təcəssümüdür. Bu möhtəşəm tarix xalqımızın azadlıq və ədalət uğrunda apardığı mübarizənin, dövlətimizin gücünün və rəşadətli ordumuzun qəhrəmanlığının təntənəsidir. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazıldı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi idi. Ölkəmizin iqtisadi qüdrətinin artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, hərbi sənaye kompleksinin inkişafı və müasir Silahlı Qüvvələrin yaradılması torpaqlarımızın azad edilməsi üçün möhkəm zəmin yaratdı. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı uzun illər qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdu. Doğma torpaqlarından didərgin düşən soydaşlarımızın qayıdış arzusu xalqımızın yaddaşında daim yaşadı. Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmadı və bütün imkanlarını tarixi ədalətin bərpasına yönəltdi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində hərbçilərimiz misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdilər. Prezident İlham Əliyevin bildirdiyi kimi, “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi”. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi ilə böyük Qələbəyə doğru mühüm addımlar atıldı. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini həll edən tarixi hadisəyə çevrildi.
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar dövlətimizin hərbi qüdrətini və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Müasir hərbi texnologiyaların tətbiqi, düzgün strategiya və yüksək döyüş hazırlığı nəticəsində Azərbaycan Ordusu XXI əsrin müharibə təcrübəsinə mühüm yeniliklər gətirdi. Bu gün ordumuzun döyüş təcrübəsi dünyanın hərbi dairələrinin diqqətini cəlb edir.
Vətən müharibəsində əldə olunan Qələbənin əsas dayaqlarından biri də xalqımızın milli birliyi və həmrəyliyi oldu. Müharibənin ilk günlərindən etibarən xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşdi. Cəbhədə əsgərlərimiz, arxa cəbhədə isə bütün Azərbaycan xalqı Qələbə naminə səfərbər oldu. Bu birlik dövlət-xalq-ordu həmrəyliyinin parlaq nümunəsinə çevrildi.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini bütün ərazisində tam bərpa etdi. Bir gündən az davam edən əməliyyat separatizmin mövcudluğuna son qoydu. Beləliklə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində tarixi mərhələ başa çatdı.
Azərbaycan bu gün də regionda davamlı sülhün və təhlükəsizliyin tərəfdarıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz sülh istəyir, lakin bu sülh ədalətli olmalı, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. Qazanılmış Zəfər Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirmiş və regionda yeni reallıqlar yaratmışdır.
Tarixi Qələbədən sonra ölkəmizdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanılıb. Qarabağ və Şərqi Zəngəzurda yollar, tunellər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri inşa olunur. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq”. Bu gün həmin ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm göstəricisidir.
Zəfər tariximizin yaşadılması məqsədilə yaradılan Zəfərparkı və Zəfər muzeyi də böyük mənəvi əhəmiyyət daşıyır. Bu məkanlar şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və xalqımızın tarixi Qələbəsini gələcək nəsillərə çatdırır. Şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzindədir. “YAŞAT” Fondunun fəaliyyəti bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdəndir.
Bu gün Azərbaycan qalib dövlət və qalib xalq kimi öz inkişaf yolunu inamla davam etdirir. Zəfər Günü bizə bir daha sübut etdi ki, milli birlik, güclü dövlətçilik və qüdrətli ordu hər bir xalqın ən böyük təminatıdır. 8 Noyabr tariximizə əbədi həkk olunmuş, gələcək nəsillər üçün qürur və vətənpərvərlik mənbəyinə çevrilmişdir. Xalqımız bu möhtəşəm Qələbə ilə daim fəxr edəcək, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edəcəkdir.
YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB