"Demokratların hakimiyyəti dövründə Azərbaycana münasibət heç də həmişə müsbət olmayıb" - ŞƏRH
"Amerika Birləşmiş Ştatlarının müştərək siyasi mühitində, bir qayda olaraq, demokratların hər hansı vəzifə tutması nəticə etibarilə həm Türkiyəyə, həm də Azərbaycana qarşı ilk fürsətdə bu cür siyasi proseslərə start verməsi ilə yadda qalıb. Türkiyə ilə bizim indi belə demək mümkündürsə, strateji müttəfiqliyimiz olsa belə, Türkiyə ilə münasibətlərimiz daha yaxındır. NATO çərçivəsində də onlar bizimlə eyni müdafiə təşkilatında təmsil olunurlar. Hətta belə bir fikir var ki, Türkiyə ABŞ-ın yaxın və önəmli müttəfiqlərindən biri sayılır".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, ABŞ-da siyasi sistem bir qədər fərqli işləyir:
"Yanaşmalar fərqli ola bilir. Respublikaçılarla müqayisədə demokratlar daha çox erməni lobbisinin təsiri altında fəaliyyət göstərməyə meyillidirlər. Hətta bu yaxınlarda demokratlardan olan Nyu-York meri Mandaninin çıxışlarına nəzər salsaq, nə görürük? Müsəlman olmasına baxmayaraq, onun da daha çox erməni lobbisinin maraqlarına xidmət edən açıqlamalar verdiyinin şahidi oluruq. Yəni, biz bunu əvvəllər də dəfələrlə görmüşük.
Düzgün deyək ki, bunun ciddi siyasi təsiri varmı? Hələ bu günə qədər həmin siyasi təsir özünü tam şəkildə göstərməyib. Çünki ABŞ-da bir siyasi qanad təmsil olunmur, digər qanad da var. Və həmin qanadın təmsilçiləri daha çox fərqli siyasətə üstünlük verirlər.
Ona görə düşünürəm ki, bu cür hallar əvvəllər də olub. Bu gün də var, dünən də olub, sabah da olacaq. Əsas məsələ odur ki, bizim bölgəmizdə vəziyyət sabit qalsın.
Bundan sonra bu proseslər müxtəlif formalarda davam edə bilər. Nəzərə almaq lazımdır ki, demokratların hakimiyyəti dövründə Azərbaycana münasibət heç də həmişə müsbət olmayıb. Belə gərgin münasibətlər yarana bilir.
Hətta deyərdim ki, demokrat prezident hakimiyyətdə olanda Türkiyəyə və Azərbaycana qarşı müəyyən təzyiqlərin artdığının şahidi oluruq. Bu baxımdan düşünürəm ki, biz bunu zaman-zaman, xüsusilə də müəyyən dövrlərdə görə bilərik.
Ona görə sadəcə, biz möhkəm olmalıyıq. Nə qədər bacarırıqsa, bir o qədər də güclü mövqe nümayiş etdirməliyik. Xüsusilə ABŞ-da, o cümlədən Konqresdə erməni tərəfinin və bizə qarşı fəaliyyət göstərən siyasi qurumların, təşkilatların və mərkəzlərin fəaliyyətinə o qədər də geniş meydan verilməməsinə çalışmalıyıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB