“NATO Rusiyanın Ukraynaya qarşı müharibəsini Avropanın suverenliyinə təhdid sayır“ -ŞƏRH
“Avropada təhlükəsizlik mühitinin dəyişməsi və beynəlxalq güc balansında müşahidə olunan transformasiya NATO ilə Rusiya arasında münasibətləri yeni geosiyasi qarşıdurma mərhələsinə gətirib”.
Bu fikirləri politoloq Aytən Qurbanova SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, mövcud gərginlik yalnız hərbi potensialların qarşılıqlı nümayişi deyil, eləcə də Avropanın gələcək təhlükəsizlik modelinə, regional təsir imkanlarına və beynəlxalq münasibətlər sistemində güc bölgüsünə dair fərqli yanaşmaların nəticəsidir:
”Rusiya-Ukrayna müharibəsi bu ziddiyyətləri daha da kəskinləşdirərək tərəflərin strateji prioritetlərini və qarşılıqlı münasibətlərinin gələcək istiqamətini müəyyən edən əsas amillərdən birinə çevrilib. Rusiya NATO-nun şərq istiqamətində genişlənməsini və Ukraynaya göstərilən hərbi-siyasi dəstəyi öz geosiyasi mövqelərinə və təhlükəsizlik maraqlarına təzyiq kimi qiymətləndirir. NATO isə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını Avropada suverenlik və ərazi bütövlüyü prinsiplərinə ciddi təhdid hesab edir. Bu ziddiyyətlər nəticəsində qarşılıqlı etimadın bərpası çətinləşir, alyansın şərq cinahında müdafiə imkanları genişləndirilir, hərbi hazırlıq və çəkindirmə siyasəti ön plana keçir. Münasibətlərdə eskalasiya ehtimalını artıran əsas məqamlardan biri təhlükəsizlik rəqabətinin yeni müstəvilərə keçməsidir. Hava və dəniz məkanında baş verən insidentlər, kiberhücumlar, pilotsuz uçuş aparatlarından istifadə və kritik infrastrukturun təhlükəsizliyi ilə bağlı risklər qarşıdurmanın coğrafiyasını və xarakterini dəyişir. Belə vəziyyətdə yanlış qiymətləndirmə və qeyri-adekvat cavab addımları məhdud insidenti daha geniş hərbi-siyasi böhrana çevirə bilər. Nüvə potensialına malik tərəflər arasında bu ehtimalın mövcudluğu risklərin idarə edilməsini beynəlxalq təhlükəsizliyin əsas məsələlərindən birinə çevirir. Digər mühüm amil isə NATO daxilində strateji yanaşmaların uzlaşdırılmasıdır. Alyans üzvlərinin Rusiyadan qaynaqlanan təhlükələrə münasibətdə prioritetləri fərqli olsa da, kollektiv müdafiə sisteminin etibarlılığının qorunması ümumi maraqdır. Moskva isə bu fərqlərin Qərbin vahid mövqeyinə təsir imkanlarını nəzərə alır. Bu nöqteyi-nəzərdən yanaşdıqda, NATO–Rusiya rəqabəti yalnız hərbi potensialların deyil, siyasi iradənin, iqtisadi dayanıqlılığın və beynəlxalq təsir imkanlarının da mübarizəsidir. Nəticə etibarilə, NATO–Rusiya münasibətlərinin gələcəyi Avropada yeni təhlükəsizlik balansının necə formalaşacağından və tərəflərin qarşılıqlı riskləri idarə etmək qabiliyyətindən asılı olacaq. Hərbi çəkindirmə mexanizmləri müdafiə ehtiyaclarını qarşılasa da, diplomatik dialoq və böhranların qarşısının alınması vasitələri olmadan davamlı sabitliyin təmin edilməsi çətindir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB