Haşimoto diaqnozu alan qadınların ən çox narahat olduğu məsələlərdən biri ana olmaq imkanlarıdır. Xüsusilə qalxanabənzər vəzinin hormonlarında ciddi dəyişikliklər müşahidə edildikdə qadınlarda hamilə qala bilməmək, hamiləliyin yarımçıq qalması və gələcəkdə uşaq sahibi olmaqla bağlı qorxular yaranır. Bəziləri isə Haşimoto diaqnozunu eşitdikdən sonra hamiləlik planlarını təxirə salmağa üstünlük verir.
SİA mövzu ilə bağlı araşdırma edib.
Əslində, Haşimoto xəstəliyi qadının ana olmasına birbaşa maneə deyil. Bu diaqnozu olan çoxsaylı qadınlar təbii yolla hamilə qalır və sağlam övlad dünyaya gətirirlər. Lakin burada əsas məsələ xəstəliyin özündən daha çox qalxanabənzər vəzinin nə dərəcədə normal işləməsi, hormon səviyyələrinin hansı vəziyyətdə olması və müalicənin düzgün aparılmasıdır.
Bəs Haşimoto hamilə qalmaq ehtimalını nə qədər azaldır? Bu xəstəlik sonsuzluğa səbəb ola bilərmi? Hamiləlik zamanı ana və körpə üçün hansı risklər mövcuddur?
SİA mövzu ilə bağlı araşdırma edib.
Haşimoto hamilə qalmaq şansını azaldırmı?
Bu suala birmənalı şəkildə cavab vermək düzgün olmaz. Çünki Haşimoto diaqnozu olan bütün qadınların hamilə qalma ehtimalı eyni deyil. Xəstəliyin hansı mərhələdə olması, TSH və sərbəst T4 göstəriciləri, qadının yaşı, yumurtalıqların fəaliyyəti və digər reproduktiv amillər nəticəyə təsir edir.

Əgər qadında Haşimoto olsa da, qalxanabənzər vəzinin hormonları normaldırsa, yəni hipotireoz yaranmayıbsa, təbii yolla hamilə qalmaq imkanları əksər hallarda digər qadınlardan ciddi şəkildə fərqlənmir. 2026-cı ildə yenilənmiş Amerika Tiroid Assosiasiyasının (ATA) tövsiyələrində də düzgün müalicə ilə hormon səviyyələri normal saxlanılan hipotireozlu qadınların hamiləlik və reproduktiv nəticələrinin qalxanabənzər vəzi xəstəliyi olmayan qadınlarla oxşar olduğu bildirilir.
Lakin Haşimoto nəticəsində hipotireoz inkişaf edərsə, vəziyyət dəyişə bilər. Qalxanabənzər vəzi hormonlarının azalması menstruasiya dövrünü poza, yumurtlamaya təsir göstərə və bəzi qadınlarda hamilə qalmağı çətinləşdirə bilər. Bu zaman hormonal tarazlığın bərpası reproduktiv sağlamlığın yaxşılaşmasına kömək edir.
Bəs hamilə qalma ehtimalı neçə faizdir?
Haşimoto xəstəliyi olan bütün qadınlar üçün keçərli vahid faiz göstəricisi yoxdur. Çünki yalnız anticisimlərin yüksək olması ilə hormon çatışmazlığının mövcud olması eyni vəziyyət deyil. Buna görə də Haşimoto diaqnozunu avtomatik olaraq sonsuzluq riski kimi qiymətləndirmək doğru deyil.
Haşimoto sonsuzluğa səbəb ola bilərmi?
Haşimoto xəstəliyi öz-özlüyündə sonsuzluq demək deyil. Lakin onun yaratdığı hormonal dəyişikliklər qadının reproduktiv sisteminə təsir göstərə bilər.
Qalxanabənzər vəzi hormonları yumurtalıqların fəaliyyəti, menstruasiya dövrü və yumurtlamanın normal baş verməsi üçün əhəmiyyətlidir. Hormonların çatışmazlığı zamanı aşağıdakı problemlər yarana bilər:
- Menstruasiya dövrünün uzanması və ya nizamsızlaşması;
- Yumurtlamanın pozulması və bəzi aylarda ümumiyyətlə baş verməməsi;
- Prolaktin hormonunun yüksəlməsi;
- Hamilə qalmaq üçün tələb olunan müddətin uzanması;
- Reproduktiv hormonal tarazlığın pozulması.
Bu problemlər xüsusilə müalicə olunmamış və ya nəzarətsiz hipotireoz zamanı daha çox əhəmiyyət kəsb edir. Yaxşı xəbər isə odur ki, hormon çatışmazlığı düzgün müalicə edildikdə bu dəyişikliklərin bir çoxu düzələ bilər.
Haşimoto hamiləliyin düşmə riskini artırırmı?
Mövzunun ən həssas tərəflərindən biri də budur. Araşdırmalar göstərir ki, qalxanabənzər vəzi hormonlarının çatışmazlığı, xüsusilə müalicə olunmamış hipotireoz, hamiləliyin itirilməsi riskinin artması ilə əlaqəlidir.
Bununla yanaşı, hormon göstəriciləri normal olsa belə, Anti-TPO anticisimləri yüksək olan qadınlarda da bəzi tədqiqatlarda düşük riskinin artması müşahidə edilib. Ancaq bu əlaqə hər qadında eyni nəticənin yaranacağı demək deyil. Üstəlik, anticisimlərin yüksək olması ilə düşük arasında əlaqənin mövcudluğu həmin anticisimlərin birbaşa düşük yaratdığını sübut etmir.
2026-cı ildə yenilənmiş ATA tövsiyələrinə əsasən, hormon göstəriciləri normal olan, lakin tiroid anticisimləri müsbət çıxan qadınlara yalnız sonsuzluq və ya təkrarlanan düşük tarixçəsinə görə levotiroksin təyin edilməsi tövsiyə olunmur. Çünki bu müalicənin həmin qadınlarda canlı doğuş ehtimalını artırdığı sübut edilməyib.
Digər tərəfdən, hamiləlikdən əvvəl və hamiləlik zamanı hormon çatışmazlığının vaxtında aşkarlanması və müalicəsi ana ilə körpənin sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.
Haşimoto xəstəsi hamiləlikdən əvvəl hansı analizləri verməlidir?
Haşimoto diaqnozu olan qadın hamiləlik planlaşdırırsa, ilk növbədə endokrinoloqa müraciət etməlidir. Burada məqsəd sadəcə anticisimlərin səviyyəsini öyrənmək deyil, qalxanabənzər vəzinin real fəaliyyətini qiymətləndirməkdir.
Əsas müayinələr bunlardır:
- TSH: Qalxanabənzər vəzinin fəaliyyətini qiymətləndirən əsas göstəricidir.
- Sərbəst T4: Orqanizmdə qalxanabənzər vəzi hormonunun səviyyəsini müəyyənləşdirir.
- Anti-TPO: Autoimmun prosesin mövcudluğunu qiymətləndirməyə kömək edir.
- Anti-TG: Digər tiroid anticisimlərinin səviyyəsini müəyyənləşdirir.
Burada mühüm məqam TSH göstəricisidir. Hamiləlik planlaşdıran və hipotireoz səbəbindən levotiroksin qəbul edən qadınlarda müalicənin optimallaşdırılması vacibdir. Əvvəlki tövsiyələrdə hamiləlikdən əvvəl TSH-nin 2,5 mIU/L-dən aşağı saxlanılması hədəf kimi geniş istifadə olunurdu. 2026-cı il ATA tövsiyələri isə müalicə alan qadınlarda hormon səviyyəsinin normal diapazonda olmasını əsas götürür və 2,5 göstəricisini təhlükəsizlik ehtiyatı kimi hədəfləməyi mümkün sayır. Bu göstərici hər kəs üçün dəyişməz norma deyil.

Haşimotosu olan qadın hamilə qaldıqdan sonra nələrə diqqət etməlidir?
Hamiləlik zamanı qadının orqanizmində hormonal dəyişikliklər baş verir və qalxanabənzər vəzin hormonlarına ehtiyac artır. Bu səbəbdən hamiləlikdən əvvəl normal hormon göstəricilərinə malik olan qadında belə sonradan hipotireoz yarana və ya mövcud vəziyyət ağırlaşa bilər.
Levotiroksin qəbul edən qadınlar hamiləlik təsdiqləndikdən sonra gecikmədən endokrinoloqla əlaqə saxlamalıdırlar. Çünki dərmanın dozasına yenidən baxılması lazım gələ bilər. Hamiləlik zamanı TSH və sərbəst T4 göstəriciləri mütəmadi yoxlanılmalı, müalicə nəticələrə uyğun tənzimlənməlidir.
2026-cı il ATA tövsiyələri hamiləlik dövründə tiroid funksiyasının və müalicəyə ehtiyacın fərdi qiymətləndirilməsini vurğulayır. Levotiroksin qəbul edən qadınlarda doza ehtiyacı arta bilər. Lakin dozanı özbaşına dəyişmək olmaz.
Həmçinin dəmir və kalsium tərkibli hamiləlik vitaminləri levotiroksinin sorulmasını azalda bilər. Buna görə bu preparatlar arasında ən azı dörd saat fasilə saxlanılması tövsiyə olunur.
Haşimoto olan qadınlar sağlam uşaq dünyaya gətirə bilərmi?
Bəli. Haşimoto diaqnozu olan qadınların sağlam hamiləlik keçirməsi və sağlam uşaq dünyaya gətirməsi mümkündür. Əsas şərt hamiləlikdən əvvəl qalxanabənzər vəzinin fəaliyyətinin qiymətləndirilməsi, hormon çatışmazlığı varsa müalicə edilməsi və hamiləlik müddətində müayinələrin davam etdirilməsidir.
Nəzərə almaq lazımdır ki, qalxanabənzər vəzi hormonları körpənin inkişafı, xüsusilə hamiləliyin erkən mərhələlərində beyin və sinir sisteminin formalaşması üçün əhəmiyyətlidir. Buna görə nəzarətsiz hipotireozun qarşısının alınması vacibdir.
.jpg)
Haşimoto diaqnozu qadının ana olmaq imkanını əlindən almır. Bu xəstəliklə yaşayan qadınların hamilə qalmaq və sağlam övlad dünyaya gətirmək şansı var. Hətta hormon göstəriciləri normal olan bir çox qadının əlavə hormonal müalicəyə ehtiyacı da olmur. Əsas məsələ anticisimlərin yüksəkliyini deyil, qalxanabənzər vəzinin funksiyasını düzgün qiymətləndirməkdir.
Beləliklə, Haşimoto diaqnozu hamiləlikdən imtina etmək üçün səbəb deyil. Lakin hamiləliyin planlı şəkildə, endokrinoloq nəzarəti altında həyata keçirilməsi həm ana, həm də gələcək körpənin sağlamlığı baxımından mühümdür.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB