"Bəzən zahirən çox adi görünən ailə münasibətləri uşağın özünə və dünyaya baxışını formalaşdırır" - PSİXOLOQ
"Uşaqlıq dövründə yaşanan bəzi hadisələr insanın xarakterində o qədər dərin iz buraxa bilər ki, həmin təsirlər bəzən illər sonra, hətta insan özü də bunun fərqində olmadan gündəlik davranışlarında üzə çıxır. Burada söhbət yalnız fiziki və ya açıq şəkildə travmatik hadisələrdən getmir"
Bu fikirləri İngla Kids and Preschool-un direktor müavini,Uşaq və Yeniyetmə psixoloqu Aysu Həsənzadə SİA-ya açıqlamasında deyib.
Psixoloqun sözlərinə görə, valideynlər arasında davamlı münaqişələr, boşanma prosesində uşağın emosional ehtiyaclarının nəzərə alınmaması, yaxın bir insanın itkisi, ailədə zorakılıq, laqeydlik, alçaldılma, daim müqayisə edilmək, həddindən artıq tənqid olunmaq, uşağın fikirlərinin və hisslərinin əhəmiyyətsiz hesab edilməsi də onun psixoloji inkişafına təsir göstərə bilər:
"Hətta bəzən zahirən çox adi görünən ailə münasibətləri uşağın özünə və dünyaya baxışını formalaşdırır. Məsələn, hər dəfə ağladıqda ona susması deyilən uşaq zamanla hisslərini gizlətməyi, problemi olduqda kömək istəməməyə alışa bilər. Hər səhvinə görə sərt reaksiya görən uşaq üçün səhv etmək artıq öyrənmə prosesinin bir hissəsi deyil, təhlükə və utanc mənbəyinə çevrilə bilər.
Daim başqaları ilə müqayisə edilən uşaq isə öz dəyərini başqalarının uğurları ilə ölçməyə başlaya bilər. Valideynlərin sərt davranışlarına gəldikdə, xüsusilə fiziki cəza, təhqir, qorxutma, hədə-qorxu, emosional təzyiq və sevgini şərtli şəkildə göstərmək uşağın psixoloji sağlamlığı üçün risk yaradan davranışlardır. Belə münasibətlərin nəticəsi hər uşaqda eyni olmur. Bəzi uşaqlarda narahatlıq, özünəinamın aşağı olması, sosial münasibətlərdə çətinlik, ayrılıq qorxusu, həddindən artıq təsdiq ehtiyacı və mükəmməlçilik formalaşa bilər. Digərlərində aqressivlik, impulsivlik, qəzəbi idarə etməkdə çətinlik, emosional partlayışlar və davranış problemləri müşahidə oluna bilər. Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, uşaqlıqda davamlı tənqid və sərt nəzarətlə böyüyən insan bəzən yetkinlik dövründə də özünə qarşı eyni münasibəti davam etdirir. Kimsə onu tənqid etməsə belə, özünü daim qınayır, ən kiçik uğursuzluğunu belə şəxsi bacarıqsızlıq kimi qəbul edir.
Bəzən isə insan münasibətlərdə sərhəd qoymaqdan qorxur, qarşı tərəfi itirməmək üçün öz istəklərindən və ehtiyaclarından imtina edir. Bunun səbəbi uşaqlıqda sevgi və qəbul edilmənin itaətkarlıqla, valideynin gözləntilərini qarşılamaqla əlaqələndirilməsi ola bilər. Burada çox vacib bir fərqi də qeyd etmək lazımdır: uşağa qarşı tələbkar olmaqla sərt və cəzalandırıcı davranmaq eyni deyil. Uşağın davranışına sərhəd qoymaq, məsuliyyət öyrətmək, qaydalar müəyyənləşdirmək sağlam tərbiyənin bir hissəsidir. Lakin bunların qorxu və alçaldılma üzərindən həyata keçirilməsi tamamilə fərqli nəticələr yarada bilər. Məsələn, uşağa sən bu davranışınla məni incitdin deməklə, sən məni həmişə məyus edirsən demək arasında ciddi psixoloji fərq var. Birinci ifadə konkret davranışa diqqət yönəldir, ikinci isə uşağın özünü problem kimi hiss etməsinə səbəb ola bilər. Valideynlər bir məqamı da nəzərə almalıdırlar: uşağın sakit olması, etiraz etməməsi və hər deyilənə əməl etməsi həmişə onun emosional baxımdan sağlam olduğu demək deyil.
Bəzən bu davranışlar cəzadan, tənqiddən və valideynin narazılığından yayınmaq üçün formalaşmış uyğunlaşma üsullarıdır. Əlbəttə, uşaqlıqda yaşanan hər mənfi hadisə mütləq psixoloji problem yaradacaq deyə bir qayda yoxdur. Uşağın fərdi xüsusiyyətləri, dəstəkləyici münasibətləri və sonrakı həyat təcrübələri də bu prosesdə mühüm rol oynayır. Əsas məsələ uşağın yalnız necə davrandığına deyil, həmin davranışın arxasında hansı emosional təcrübənin dayana biləcəyinə də diqqət yetirməkdir. Çünki bəzən uşağın gələcəkdə özünəinamlı, güvənli və sağlam münasibətlər qura bilən bir insan kimi formalaşmasına təsir edən ən mühüm amil onun uşaqlıqda nə qədər uğurlu olması deyil, özünü ailəsində nə qədər qəbul edilmiş, eşidilmiş və təhlükəsiz hiss etməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB