Mərkəzi Gömrük Hospitalı Gəncə Uşaq Evində tibbi-sosial aksiya keçirib

Mərkəzi Gömrük Hospitalı Gəncə Uşaq Evində tibbi-sosial aksiya keçirib

25 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən Gəncə şəhərində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsinin sakinləri üçün tibbi-sosial aksiya keçirilib.

Aksiyanın əsas məqsədi uşaqların sağlamlığının qorunmasına, onların tibbi müayinələrə əlçatanlığının artırılmasına, sağlam həyat tərzinin təşviqinə və ilk yardım üzrə biliklərinin artırılmasına dəstək olmaq olub. Tədbirin açılış mərasimində müəssisənin direktor müavini Nazilə İsmayılova və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini dosent İsmayıl Əfəndiyev çıxış ediblər.

Çıxışlar zamanı bu kimi sosial təşəbbüslərin uşaqların sağlamlığının qorunması, onların tibbi və sosial dəstəklə əhatə olunması baxımından əhəmiyyəti vurğulanıb. Aksiya zamanı Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı həkim heyəti tərəfindən 50-dən çox uşağın tibbi müayinəsi həyata keçirilib. Müayinələr zamanı uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib, müvafiq tibbi məsləhətlər verilib və sağlamlıqlarının qorunması ilə bağlı tövsiyələr səsləndirilib.

Tibbi-sosial aksiyanın maarifləndirici proqramı çərçivəsində əməkdaşlar üçün ilk yardım təlimi də təşkil olunub. Təlim zamanı fövqəladə və gözlənilməz hallarda ilkin yardımın göstərilməsi, zədələnmələr zamanı düzgün davranış qaydaları və vaxtında müdaxilənin əhəmiyyəti barədə məlumat verilib. Praktiki biliklərin aşılanmasına yönəlmiş təlim əməkdaşların gündəlik həyatda qarşılaşa biləcəkləri təhlükəli vəziyyətlərdə düzgün qərar vermə bacarıqlarının inkişafına xidmət edib.

Tibbi proqramla yanaşı, aksiya çərçivəsində sosial-mədəni proqram da həyata keçirilib. Proqram daxilində uşaqlar Nizami Gəncəvinin məqbərəsini və muzeyini, eləcə də Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksini ziyarət ediblər. Ziyarətlər zamanı uşaqlar Gəncənin zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərimiz haqqında məlumat əldə ediblər.

Mərkəzi Gömrük Hospitalı tərəfindən həyata keçirilən bu kimi tibbi-sosial aksiyalar uşaqların sağlamlığının qorunması, tibbi maarifləndirilməsi, sosial rifahının dəstəklənməsi və cəmiyyətə inteqrasiyasına töhfə vermək məqsədi daşıyır. Hospital bu istiqamətdə sosial məsuliyyət təşəbbüslərini davam etdirməyi hədəfləyir.

#MərkəziGömrükHospitalı #GömrükHospitalı #TibbiSosialAksiya #Gəncə #GəncəUşaqEvi #UşaqlarınSağlamlığı #SağlamGələcək #UşaqlaraQayğı #SosialMəsuliyyət #TibbiMüayinə #İlkYardım #SağlamHəyatTərzi #TibbiMaarifləndirmə #SosialDəstək #Xeyirxahlıq #UşaqlarınGələcəyi #DövlətGömrükKomitəsi #Humanizm #SosialTəşəbbüs #BirlikdəSağlamGələcək

Bütün xəbərlər Facebook səhifəmizdə