"Avtobusların həddindən artıq yüklənməsi ictimai nəqliyyatın ən ağrılı və çətin məqamlarından biridir. Bunun əsas səbəblərindən biri avtobusların hərəkəti zamanı tıxac amilinin mövcud olmasıdır. Tıxaclar avtobusların hərəkət intervallarının artmasına, yolların yüklənməsinə və infrastrukturun mövcud imkanlarının tələbatı qarşılaya bilməməsinə səbəb olur. Bütün bunlar mənfi tendensiyadır".
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda avtobusların sayının artırılması istiqamətində çıxış yollarından biri ölkədə avtobus istehsalının təşkil olunmasıdır:
"Avtobusları satın alaraq ölkəyə gətirməklə onların sayını süni şəkildə artırmaq mümkündür. Lakin avtobus istehsalı ölkənin daxili tələbatını ödəməyə xidmət etməlidir. Çünki avtobus istehsalı ölkə üçün vacib sahədir. Bunun üçün modernləşmə və digər texniki yeniliklər həyata keçirilməklə ölkədə avtobusların sayı artırılmalıdır. Bu, həm bölgələri, həm də kənd və qəsəbələri əhatə etməli, onların tələbatını ödəməlidir. Yəni bu istiqamətdə işlər sürətli, çevik və dinamik şəkildə aparılmalıdır. Bu da öz növbəsində nəqliyyat axınının yaxşılaşdırılmasına təsir göstərməlidir.
Bakı şəhərində tramvay və trolleybus xətlərinin çəkiləcəyinə dair gözləntilərimiz var. Yeni metro xətlərinin də artıq istifadəyə verilməsi istiqamətində işlər aparılır. Bildiyimiz kimi, “20 Sentyabr” metro stansiyasının adı da təsdiqlənib. Onun nə vaxt açılacağı və istifadəyə veriləcəyi məlumdur, müəyyən işlər isə yekunlaşmaq üzrədir. Paytaxtdakı nəqliyyat məsələlərindən danışırıqsa, bütün bu proseslər bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməlidir. O cümlədən taksilərin rentabelliyi, sayının və kvotanın artırılması məsələləri də ümumi nəqliyyat sisteminin tərkib hissəsi kimi nəzərə alınmalıdır.
Avtobusların sayına gəlincə, hər bir avtobusda oturacaq və ayaqüstə dayana biləcək sərnişinlərin sayı müəyyən edilib. Bu göstəricilər istər texniki sənədlərdə, istərsə də digər məlumatlarda bütün avtobuslar üzrə qeyd olunur və nəzərə alınır. Lakin bugünkü reallıqda avtobusların sayını müəyyənləşdirərkən onların texniki xüsusiyyətlərini, infrastruktur imkanlarını və konfiqurasiyasını da nəzərə almalıyıq.
Məsələn, avtobusda 70 sərnişinin olması nəzərdə tutulduğu halda, orada 80-90 nəfər sərnişin olarsa, bu, avtomatik olaraq nəqliyyat vasitəsinin texniki dayanıqlığına mənfi təsir göstərir, texniki nasazlıqlara və narahatlığa səbəb olur. Belə olan halda avtobus istənilən səviyyədə fəaliyyət göstərə bilməyəcək, tez-tez sıradan çıxacaq və təmirə ehtiyac yaranacaq. Bu da öz növbəsində böyük narahatlıq yaradacaq. Avtobuslar yolda xarab olacaq, sərnişinlər düşərək başqa marşrutlara minməli olacaqlar. Bu isə heç də arzuolunan hal deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB