"Gürcüstanın ərazi bütövlüyünün pozulmasında Kremlin danılmaz fəaliyyəti mövcuddur" - POLİTOLOQ
"Gürcüstan Azərbaycan üçün olduqca böyük önəm daşıyan bir dövlətdir. Çünki Gürcüstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Eyni zamanda, Gürcüstan Azərbaycan və Türkiyənin yaxın tərəfdaşı rolunda çıxış edir".
Bu sözləri politoloq Elçin Xalidbəyli SİA-ya açıqlamasında deyib.

Politoloq bildirib ki, vaxtaşırı Azərbaycan, Türkiyə və Gürcüstan ortaq fəaliyyət istiqamətləri üzrə müxtəlif addımlar atırlar. Bu da onu göstərir ki, Gürcüstan həm Azərbaycan-Türkiyə ittifaqı, həm də Türk dünyası üçün kifayət qədər ciddi əhəmiyyət daşıyan bir ölkədir:
"Təbii ki, Gürcüstanın müəyyən problemləri var və bu problemlər sırasında ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlər daha çox ön planda yer alır. Bu problemlərin yaradılmasında isə Rusiya birmənalı şəkildə əsas neqativ mərkəz rolunu oynayır. Yəni Gürcüstanın ərazi bütövlüyünün pozulmasında Kremlin danılmaz fəaliyyəti mövcuddur.
Ümumi götürdükdə, Gürcüstan Rusiyanın təmsil olunduğu heç bir qurumda iştirak etmir. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, Rusiya beynəlxalq hüquq normalarına görə Gürcüstanın ayrılmaz tərkib hissəsi hesab olunan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlətlər kimi tanıyıb. Halbuki bunlar separatçı bölgələrdir və gec-tez Gürcüstanın suverenliyi çərçivəsində həll olunmalı problemlərdir. Son vaxtlar rəsmi Tbilisi Kreml ilə mövcud ziddiyyətləri aradan qaldırmaq və bu münasibətlərin normallaşdırılması istiqamətindəki cəhdləri Gürcüstanın ərazi bütövlüyünün bərpasına yönəltmək istəyir. Təbii ki, bu məsələdə Azərbaycan üçün elə bir ciddi problem mövcud deyil. Rəsmi Tbilisi Gürcüstanın ərazi bütövlüyünü təmin etmək üçün öz maraqları çərçivəsində addımlar atmalıdır. Ancaq bu addımlar Azərbaycan-Gürcüstan münasibətlərinə heç bir şəkildə mənfi təsir göstərmir. Əksinə, son vaxtlar Azərbaycan və Gürcüstan arasında intensiv yaxınlaşma və daha ardıcıl təmaslar mərhələsi yaşanır. Ümumi götürdükdə, hazırda Gürcüstan-Azərbaycan münasibətləri Gürcüstanın xarici siyasətinə ciddi təsir göstərmədən, fərqli istiqamətlər və fərqli şərtlər daxilində, iki ölkənin maraqları çərçivəsində inkişaf etməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB