Sosial şəbəkələr canlı ünsiyyəti azaldaraq cəmiyyətdə tənhalığı artırırmı? - RƏY

Sosial şəbəkələr canlı ünsiyyəti azaldaraq cəmiyyətdə tənhalığı artırırmı? - RƏY

Həmişə qeyd etdiyim kimi, internetin həyatımıza daxil olması ilə bir çox müsbət dəyişikliklər baş vermişdir. Beynəlxalq kommunikasiyanın inkişafı, uzaqda yaşayan qohum və dostlarla video görüntülü əlaqə yaratmaq imkanı, beynəlxalq ticarətin genişlənməsi, biznes proseslərinin asanlaşması, tibb və digər sahələrdə əldə olunan nailiyyətlər internetin həyatımıza gətirdiyi mühüm üstünlüklərdəndir. Ümumiyyətlə, internetin faydaları danılmazdır.

Bu sözləri SİA-ya Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, lakin bu üstünlüklərlə yanaşı, internetin, xüsusilə də sosial şəbəkələrin insan həyatına gətirdiyi ciddi mənfi təsirlər də var:

“Bu gün sosial şəbəkələr artıq insanların ikinci həyatına çevrilib. İnsanlar sanki iki paralel həyat yaşayırlar ; biri real, digəri isə virtual həyatdır. Təəssüf ki, müasir dövrdə bir çox insan real həyatından daha çox virtual həyata üstünlük verir.

Real həyatda insanın yaxın dostlarının sayı bəlkə də barmaqla sayılacaq qədərdir. Amma sosial şəbəkələrdə yüzlərlə, hətta minlərlə dostu və tanışı var. İnsan gün ərzində saatlarla bu virtual münasibətlərə vaxt ayırır. Bəzən 5, 7, 10, hətta 12-15 saatını sosial şəbəkələrdə keçirir. Bu isə onun həm ailəsinə, həm işinə, həm də özünə ayırmalı olduğu vaxtı əhəmiyyətli dərəcədə azaldır.

Nəticədə insanın psixoloji vəziyyəti gərginləşir, əsəbləri yorulur, aqressivlik artır, yuxu rejimi pozulur. Gecə yatmazdan əvvəl son baxdığı, səhər oyanan kimi isə ilk əlinə aldığı əşya mobil telefon olur. Bu mənzərə problemin nə qədər dərinləşdiyini açıq şəkildə göstərir.

Digər ciddi problem isə canlı ünsiyyətin və qohumluq münasibətlərinin zəifləməsidir.

Əvvəllər insanlar bir-birlərinin evlərinə ailəlikcə qonaq gedər, axşamlar bir süfrə arxasında əyləşər, saatlarla söhbət edərdilər. Qohumluq və dostluq münasibətləri canlı ünsiyyət üzərində qurulardı. İndi isə bir çox insan bu münasibətləri WhatsApp vasitəsilə göndərilən səsli mesajlarla, bir neçə cümləlik yazışmalarla əvəz edir. Halbuki səsli mesaj insanın yanında əyləşməyin, göz-gözə söhbət etməyin, bir fincan çay ətrafında dərdləşməyin yerini verə bilməz.

Bu vəziyyət təkcə dostluq və qohumluq münasibətlərinə deyil, qonşuluq əlaqələrinə də təsir göstərib. Xüsusilə rayon və kənd yerlərində əvvəllər qonşuların qapıları, hasarları açıq olardı. İnsanlar bir-birlərinin evlərinə sərbəst gedib-gələr, sevincini də, kədərini də bölüşərdilər. Bu gün isə həmin münasibətlərin əvvəlki səmimiyyətini hər yerdə görmək mümkün deyil.

Unutmamalıyıq ki, həm milli-mənəvi dəyərlərimizdə, həm də İslam dinində qohumluq əlaqələrinin qorunması və möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qohumluq əlaqələrini qorumaq müsəlmanın mühüm dini vəzifələrindəndir. Təəssüf ki, müasir həyat tərzi və virtual ünsiyyətin həddindən artıq genişlənməsi bu münasibətlərin zəifləməsinə də təsirsiz ötüşmür.

Digər narahatedici məqam uşaqların və yeniyetmələrin internetdən asılı vəziyyətə düşməsidir. Elə ailələr var ki, internetdə qısa müddətli problem yarananda uşaqlar ciddi narazılıq nümayiş etdirir, valideynləri ilə mübahisə edirlər. Bu, artıq texnologiyadan istifadə məsələsindən daha çox, onun psixoloji vərdişə və asılılığa çevrilməsi problemidir.

Mən hesab edirəm ki, hər bir insan internet və sosial şəbəkələrdən istifadə zamanı özünə müəyyən məhdudiyyətlər qoymalıdır. Əlbəttə, işlə əlaqədar, təhsil, informasiya əldə etmək və yaxınlarla ünsiyyət üçün internetdən istifadə zəruridir. Lakin məqsədsiz şəkildə saatlarla sosial şəbəkələrdə vaxt keçirmək insanın həyat keyfiyyətinə mənfi təsir göstərir.

Yetkin insanlar özləri üçün sağlam istifadə rejimi müəyyən etməli, valideynlər isə övladlarının internetdə keçirdikləri vaxta və baxdıqları məzmuna nəzarət etməlidirlər. Əsas məsələ texnologiyadan imtina etmək deyil, ondan düzgün və ölçülü istifadə etməyi bacarmaqdır.

Sonda bir məqamı xüsusi vurğulamaq istəyirəm: sosial şəbəkələr bizə minlərlə insanla əlaqə yaratmaq imkanı versə də, bu, həmin insanların hamısının həyatımızda həqiqi dost və yaxın olması demək deyil. Minlərlə virtual dostun ola bilər, amma çətin günündə yanında dayanacaq bir nəfər belə tapmaya bilərsən.

Məncə, müasir cəmiyyətin ən böyük problemlərindən biri də məhz budur: insanlar virtual aləmdə bir-birinə yaxınlaşdıqca, real həyatda bir-birindən uzaqlaşır,real doatluq münasibətləri zəifləyir.Əgər bu tendensiyanın qarşısı alınmasa, gələcəkdə texnologiya baxımından daha inkişaf etmiş, amma insani münasibətlər baxımından daha tənhalaşmış bir cəmiyyətlə üzləşə bilərik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə