İnsan əməyinin gələcəyi süni intellektin əlindədir? - SORĞU

İnsan əməyinin gələcəyi süni intellektin əlindədir? - SORĞU

Son illərdə süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi və gündəlik həyatın müxtəlif sahələrində geniş istifadə olunması insanların iş və yaşam tərzində ciddi dəyişikliklərə səbəb olur. Təhsil, səhiyyə, tərcümə, dizayn, istehsalat və digər sahələrdə tətbiq edilən bu texnologiya bir çox işi asanlaşdırsa da, gələcəkdə insan əməyini əvəz edə biləcəyi ilə bağlı müzakirələri də artırır. Bəzi insanlar süni intellekti vaxta qənaət edən və yeni imkanlar yaradan faydalı vasitə kimi qiymətləndirir, digərləri isə onun iş yerlərinin azalmasına, insanların müstəqil düşünmə və yaradıcılıq qabiliyyətlərinin zəifləməsinə səbəb ola biləcəyindən narahatdır. Xüsusilə gənclər və gələcək peşə seçimi qarşısında olanlar üçün bu texnoloji dəyişikliklər aktual məsələlərdən birinə çevrilib.

Bəs şəhər sakinləri süni intellektin inkişafını necə qiymətləndirir, bu texnologiyanın insan əməyini əvəz edə biləcəyini düşünürlərmi? Onlar süni intellektin gündəlik həyata, təhsilə və gələcək peşələrə təsirini necə dəyərləndirirlər?

SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Səhər sakini Anar Ağayev:

“Süni intellektin inkişafını müasir dövrün texnoloji yeniliklərindən biri kimi qiymətləndirirəm. Düşünürəm ki, bu texnologiya insanların həyatını asanlaşdırmaqla yanaşı, bir çox sahədə işlərin daha sürətli və səmərəli görülməsinə imkan yaradır. Ancaq süni intellektdən həddindən artıq istifadə etməyin tərəfdarı deyiləm. Çünki insan hər şeyi texnologiyanın köməyi ilə həll etməyə çalışsa, zamanla öz düşüncəsinə və bacarıqlarına daha az güvənə bilər. Məncə, heç bir texnologiya insanın illərlə qazandığı təcrübəni, dünyagörüşünü və həyat biliklərini tam əvəz edə bilməz. Gələcəkdə bəzi peşələrdə insan əməyinə ehtiyac azala bilər, lakin insanın iştirakı hər zaman vacib olacaq. Əsas məsələ süni intellektdən düzgün istifadə etmək, onu insanın əvəzinə düşünən vasitəyə deyil, işini asanlaşdıran köməkçiyə çevirməkdir”.

Səhər sakini Leyla Səfərli:

“Süni intellektdən şəxsən çox istifadə etməsəm də, övladlarım bu texnologiyaya tez-tez müraciət edirlər. Nə qədər çalışsam da, onların istifadəsini tam məhdudlaşdıra bilmirəm. Əsasən məktəb tapşırıqlarını yerinə yetirmək üçün süni intellekt proqramlarından yararlanırlar. Mən isə çalışıram ki, onlara hazır cavabları olduğu kimi götürmək əvəzinə, mövzunu ətraflı izah etməyi tapşırım. Çünki uşaqların hər şeyi hazır şəkildə əldə etməsi onların müstəqil düşünmə və araşdırma bacarıqlarının inkişafına mane ola bilər. Məncə, insan hər hansı suala cavab axtararkən özü də düşünməli, araşdırmalı və nəticəyə gəlməyi bacarmalıdır. Ümumiyyətlə, süni intellektdən həddindən artıq istifadəni heç kimə tövsiyə etmirəm. Çünki bu proqramlar bəzən yanlış məlumatlar da təqdim edir. Ona görə də verilən cavabları mütləq başqa mənbələrlə müqayisə etmək, məlumatın doğruluğunu yoxlamaq lazımdır”.

Səhər sakini Sevinc Şükürova:

“Universitet dərslərimi hazırlayarkən ChatGPT, Gemini kimi süni intellekt proqramlarından istifadə edirəm. Əsasən xarici dil fənləri ilə bağlı əsərlərin tərcüməsi, sözlərin düzgün tələffüzü və mətnlərin anlaşılması üçün bu proqramlara müraciət edirəm. Düşünürəm ki, süni intellekt mənim kimi tələbələrin işini xeyli asanlaşdırır. Əlbəttə, bəzən yanlış məlumatlar təqdim edir, amma düzgün və faydalı məlumatlar əldə etmək də mümkündür. Əsas məsələ verilən cavabları olduğu kimi qəbul etməmək və onları yoxlamaqdır. Hətta müəllimlərimiz də süni intellekt vasitəsilə hazırlanan yazıları müəyyən edə bilir və bizə bu imkanlardan həddindən artıq istifadə etməməyi tövsiyə edirlər. Məncə, gələcəkdə bəzi peşələr sıradan çıxa və ya ciddi şəkildə dəyişə bilər. Bu baxımdan tərcüməçilik də risk altında olan sahələrdən biridir. Çünki süni intellekt artıq mətnləri müxtəlif dillərə tərcümə edə bilir. Bununla belə, peşəkar tərcüməçinin dilin incəliklərini, üslub xüsusiyyətlərini və mətnin kontekstini düzgün çatdırmaq bacarığının hələ də əhəmiyyətli olduğunu düşünürəm”.

Səhər sakini Zəfər Süleymanlı:

“Süni intellektdən çox istifadə etməsəm də, ehtiyac yarandıqda bu proqramlara müraciət edirəm. Əsasən özüm həll edə bilmədiyim dərslərlə bağlı suallara cavab tapmaq və mövzuları daha yaxşı anlamaq üçün istifadə edirəm. Bundan başqa, süni intellekt proqramlarının köməyi ilə təqdimatlar da hazırlamışam. Ancaq əldə etdiyim məlumatların doğruluğuna əmin olmaq üçün proqramdan mənbə göstərməsini istəyirəm və həmin məlumatları başqa mənbələrdən də yoxlayıram. Düşünürəm ki, süni intellekt gələcəkdə insan əməyini müəyyən sahələrdə əvəz edə bilər. Xüsusilə texniki peşələrdə robotların və avtomatlaşdırılmış sistemlərin daha geniş istifadə olunacağını gözləyirəm. Bununla belə, bütün peşələrin insanlardan alınacağını düşünmürəm. Çünki bəzi işlərdə insanın təcrübəsi, qərarvermə qabiliyyəti və məsuliyyəti xüsusi əhəmiyyət daşıyır”.

Səhər sakini Səkinə Sadıqova:

“Məncə, süni intellekt gələcəkdə bir çox peşəni əvəz edə bilsə də, istənilən sahədə insan əməyinə ehtiyac qalacaq. Texnologiya nə qədər inkişaf etsə də, insanın düşüncəsini, zövqünü və yaradıcılıq qabiliyyətini tam əvəz edə bilməz. Məsələn, dizaynerlik peşəsinin gələcəkdə süni intellekt tərəfindən əvəzlənə biləcəyini düşünürəm. Açığı, bu məni bir qədər məyus edir. Çünki özüm də dizayner olmaq istəyirdim. Amma digər tərəfdən, bəlkə də süni intellekt bu sahənin daha da inkişafına, yeni ideyaların yaranmasına kömək edə bilər. Şəxsən mən də bəzən müəllimlərimdən soruşmağa imkan tapmadığım suallara cavab axtarmaq üçün süni intellektdən istifadə edirəm. Bununla belə, hər şeyi hazır şəkildə əldə etməyin tərəfdarı deyiləm. İnsan özü də düşünməli, öyrənməli və müəyyən nəticələrə müstəqil şəkildə gəlməlidir. Əks halda, bu, zamanla həm öz inkişafımıza, həm də başqaları ilə münasibətlərimizə mənfi təsir göstərə bilər”.

Səhər sakini Arzu Adnalı:

“Düşünürəm ki, bu gün tələbələrin əksəriyyəti kimi mən də süni intellekt proqramlarından istifadə edirəm. Ancaq bu, o demək deyil ki, həmin proqramlarla daim ünsiyyətdə oluram və ya bütün işlərimi onlara həvalə edirəm. Sadəcə ehtiyac yarandıqda, xüsusilə çətinlik çəkdiyim və özüm həll edə bilmədiyim mövzularla bağlı müraciət edirəm. Süni intellekt gələcəkdə bir çox peşəni əvəz edə bilər, amma mən müəllimlik peşəsinin tamamilə aradan qalxacağına inanmıram. Çünki müəllimlik yalnız məlumat verməkdən ibarət deyil. Müəllim şagirdlə ünsiyyət qurur, onun hisslərini anlayır, davranışlarını müşahidə edir və fərdi yanaşma göstərir. Süni intellekt isə insan kimi hisslərə və duyğulara malik deyil. Buna görə də texnologiya nə qədər inkişaf etsə də, müəllimin insan həyatındakı rolunu tam əvəz edə bilməz”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə