Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir təşkil edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Vaxtanq Salaridze adına konsert zalında keçirilən mərasimdə Türkiyə səfiri Mustafa Türker Arı, Türkmənistan səfiri Dövlətmırat Seyitmamedov, Qazaxıstan səfiri Talqat Aduov, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, Gürcüstan parlamentinin üzvləri Zaur Darğallı və Savalan Mirzəyev, azərbaycanlı icmanın nümayəndələri, müsəlman din xadimləri, Gürcüstan əsilli şəhidlərin yaxınları iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib, Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev açılış nitqi ilə çıxış edərək altı il öncə tariximizin ən şanlı səhifəsinin yazıldığını deyib. O, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial rəhbərliyi altında ordumuzun qazandığı misilsiz qələbə ilə tarixi ədalətin, milli qürurumuzun bərpa olunduğunu qeyd edib.
Səfir işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda mühüm bərpa-quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin ata-baba torpaqlarına qayıtdığını diqqətə çatdırıb.
Faiq Quliyev müharibə dövründə Gürcüstandakı azərbaycanlıların Azərbaycana göstərdikləri həmrəyliyi, ordumuza dəstək aksiyalarını yüksək dəyərləndirərək soydaşlarımıza bir daha təşəkkürünü bildirib.
Türkiyə səfiri Mustafa Türker Arı da çıxış edərək Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, şəhidlərimizin xatirəsini ehtiramla anıb, qazilərimizə şəfa diləyib.
Sonda səfirliyin təşəbbüsü və Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə “Era Teatrı”nın hazırladığı “Koordinat 44” adlı tamaşanın premyerası baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB