"Zəfər Günü Azərbaycan xalqının dünya müqabilində şərəfini özünə qaytaran bir tarixdir" - ŞƏRH
"Zəfər Günü tariximizdə çox böyük ictimai və ümumdövlət əhəmiyyəti daşıyan bayramdır. Tariximizdə simvollaşmış günlər çoxdur. Ancaq Zəfər Günü özünün məzmunu etibarilə Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu günə bərabər, hətta deyərdim ki, ondan da bəlkə üstün məzmuna malik olan bir tarixdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyi elan olunarkən bizim ərazi bütövlüyümüz və suverenliyimiz pozulmuşdur:
"Yəni Azərbaycan özünün dövlət müstəqilliyi mərhələsinə pozulmuş ərazi bütövlüyü və kəsilmiş suverenlik statusu ilə daxil olmuşdur. Amma Zəfər Bayramı isə Azərbaycanın elan olunmuş dövlət müstəqilliyinə ərazinin bütövlüyü və suverenlik anlayışını gətirmiş oldu.
Çünki Zəfər Bayramından sonra başlayan proses 23 il ərzində Azərbaycanın ərazisində bütün separatçı yuvaların məhv edilməsi və suverenliyinin tam şəkildə bərpa olunması ilə nəticələndi. İlk dəfə olaraq, 30 ildən çox əvvəl elan olunmuş dövlət öz sərhədlərinə tam şəkildə nəzarət edən qüvvəyə çevrildi.
Zəfər Günü sadəcə bir siyasi dövlət bayramı deyil. Zəfər Günü hər bir Azərbaycan vətəndaşının payının olduğu mənəvi dəyər simvoludur. Zəfər Günü eyni zamanda Azərbaycanın nəsillərini bir-birinə bağlayan bir simvoldur. Çünki hər bir nəsildən, hər bir yaş qrupundan olan insanlar Zəfər Bayramında öz payını görür.
Yaşlı nəslin nümayəndələri həmin günlərdə cəbhədə döyüşən Azərbaycan gənclərinə mənəvi həmrəylik nümayiş etdirirdilər. Qadınlar, uşaqlar – hamısı döyüşən ordu ilə öz həmrəyliyini ən müxtəlif formalarda ifadə edir, hətta canlarından keçməyə hazır olduqlarını belə nümayiş etdirirdilər. Buna görə də Zəfər tariximizdə hər bir Azərbaycan vətəndaşının öz payını hiss etdiyi mənəvi bir dəyər var.
Eyni zamanda, Zəfər Günü Azərbaycanda hər bir nəsil üçün, xüsusilə də gənclər üçün mənəvi tərbiyə nümunəsidir. Ona görə ki, həmin gün insanların bir amala bağlı olduğunu Azərbaycan xalqı yaşından, cinsindən asılı olmayaraq heç vaxt unutmayacaq. Çünki həmin gün bütün Azərbaycan xalqının hədəfi və strategiyası qalib gəlmək, ərazi bütövlüyünü təmin etmək idi.
Zəfər Günü Azərbaycan xalqının dünya müqabilində şərəfini özünə qaytaran bir tarixdir. Çünki həmin ana qədər Azərbaycan öz ərazilərini geri qaytara bilməyən məğlub bir ölkə kimi tanınırdı. Amma Zəfər Günü Azərbaycan xalqının başını uca qaldırdı və onun ərazi bütövlüyü uğrunda qalib gəlmək və ölmək bacaran bir xalq olduğunu nümayiş etdirdi. Zəfər tarixi çox mənalı və simvolik bir tarixdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB