"Azərbaycan Zəfərlə təkcə torpaqlarını deyil, öz tarixi ədalətini bütün dünyaya nümayiş etdirdi" - ŞƏRH

"Azərbaycan Zəfərlə təkcə torpaqlarını deyil, öz tarixi ədalətini bütün dünyaya nümayiş etdirdi" - ŞƏRH

"8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində sadəcə bir qələbə tarixi deyil, milli iradənin, dövlət qüdrətinin və tarixi ədalətin təntənəsidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmədi, həm də bütövlükdə Cənubi Qafqazın siyasi xəritəsini, regional güc balansını və Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini kökündən dəyişdirdi. Bu Zəfər sübut etdi ki, güclü dövlət, qətiyyətli lider və vahid xalq qarşısında heç bir işğal siyasəti əbədi ola bilməz". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Zəfərimizin ən mühüm siyasi nəticələrindən biri Azərbaycanın öz taleyini müəyyən edən, milli maraqlarını heç bir xarici diktəyə güzəştə getməyən qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirməsidir:

"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dəmir iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi illərlə mümkünsüz kimi təqdim edilən tarixi hədəfi reallığa çevirdi. Azərbaycan beynəlxalq hüququn kağız üzərində qalan prinsiplərini öz siyasi və hərbi gücü ilə həyata keçirdi.

Burada olduqca mühüm bir məqam var: Azərbaycan yalnız müharibəni udmadı, həm də müharibədən sonrakı siyasi proseslərin istiqamətini müəyyənləşdirdi. 2023-cü ildə suverenliyimizin bütün ərazilərimizdə tam bərpa olunması 2020-ci ildə başlanan tarixi missiyanın məntiqi yekunu oldu. Bununla da separatizmə birdəfəlik son qoyuldu, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri Zəfərimizin iqtisadi və sosial məzmununu ortaya qoyur. Bir vaxtlar dağıdılmış şəhər və kəndlərimiz yenidən dirçəlir, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Əgər 2020-ci ildə Azərbaycan torpaqlarını azad edirdisə, bu gün həmin torpaqlarda gələcəyi qurur. Bu, hərbi Qələbənin davamlı dövlətçilik uğuruna çevrilməsinin ən bariz nümunəsidir.

Zəfərimiz həm də Azərbaycanın diplomatik imkanlarını genişləndirdi. Bu gün regionda sülhün, təhlükəsizliyin və yeni əməkdaşlıq modelinin əsas təşəbbüskarlarından biri məhz Azərbaycandır. Bakı artıq başqalarının müəyyən etdiyi geosiyasi gündəmlə hərəkət edən deyil, regional gündəmi formalaşdıran siyasi mərkəzdir. Azərbaycanın yaratdığı yeni reallıqlar regionda davamlı sülh üçün tarixi imkanlar açıb.

Əlbəttə, bu möhtəşəm Qələbənin təməlində şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı dayanır. Onların Vətən qarşısındakı xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq. Biz Zəfəri yalnız bayram kimi deyil, həm də gələcək nəsillər qarşısında böyük məsuliyyət kimi qəbul etməliyik.

Bu gün artıq Zəfərimizin altıncı ildönümünü qeyd etməyə hazırlaşırıq. Altı il əvvəl Azərbaycan dünyaya öz gücünü göstərdi, bu gün isə həmin gücün yaratdığı siyasi, iqtisadi və diplomatik nəticələri nümayiş etdirir. Ən böyük uğurumuz odur ki, Azərbaycan xalqı artıq məğlubiyyətin deyil, Qələbənin psixologiyası ilə yaşayır.

8 Noyabr yalnız keçmişə qürurla baxdığımız gün deyil, gələcəyə daha böyük inamla addımladığımız tarixdir. Çünki Azərbaycan Zəfərlə təkcə torpaqlarını deyil, öz tarixi ədalətini, milli qürurunu və gələcəyinə sahib çıxmaq qüdrətini də bütün dünyaya nümayiş etdirdi".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə