“Azərbaycan güclü dövlətdir və hər cür bəd niyyətli cəhdə qarşı qətiyyətlidir” -DEPUTAT DANIŞDI

“Azərbaycan güclü dövlətdir və hər cür bəd niyyətli cəhdə qarşı qətiyyətlidir” -DEPUTAT DANIŞDI

“Əli Kərimlinin nüfuzlu Maqnitski mükafatı ilə təltif olunmasını Azərbaycana qarşı qərəzli mövqedə olan daxili və xarici qüvvələr, eləcə də nankor insanlar böyük sevinclə qarşılayıblar. Onlar hətta bu mükafatla hər şeyin bitdiyini dilə gətirir, böyük bir qələbə qazandıqlarını zənn edirlər. Ancaq yanılırlar”.
Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, özlərinə sual vermirlər ki, bu mükafat Əli Kərimliyə hansı xidmətlərinə görə verilir?:
“O, dövlət və xalq üçün nə edib?
Vəzifədə olduğu müddətdə silahdaşları ilə birlikdə Azərbaycan torpaqlarının ermənilərə təslim edilməsində, ölkədə özbaşınalığın və anarxiyanın yaranmasında məsuliyyət daşıyıblar. Çətin günlərdə isə qaçıb gizləniblər.

Sonrakı uzun illər ərzində o və ətrafına topladığı bəzi şəxslər Azərbaycanın uğurlarına kölgə salmaq, ölkədə qarşıdurma yaratmaq, böhtan və şantaj kampaniyaları təşkil etməklə məşğul olublar.

Son olaraq, Əli Kərimli hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunaraq həbs edilib və məhkəmə qarşısındadır. Vətəninə və xalqına xəyanət edən, torpaqlarımızın itirilməsində məsuliyyət daşıyan, uzun illər xalqımızı bəlalara düçar etmiş belə bir şəxsə mükafat verilməsi heç bir məntiqə sığmır.

Əslində, bu addım ölkədə ara qarışdırmağa, Əli Kərimli kimi şəxsləri qızışdırmağa və Azərbaycanda hərc-mərclik yaratmağa xidmət edir. Ancaq bu qüvvələr yanılırlar. Çünki Azərbaycan artıq əvvəlki dövlət deyil və istənilən bədniyyətli cəhdin qarşısını almağa qadirdir.

Əli Kərimliyə mükafat verənlər bunu dərindən anlamalıdırlar. Onlar heç bir zaman Azərbaycan xalqının qətiyyətini qıra bilməzlər. Bu dövlətdə Əli Kərimli kimilərə yer yoxdur. Onun mükafatlandırılması kiməsə təsir göstərməkdən başqa bir şey deyil və bu, bilavasitə Azərbaycanın bugünkü mövqeyinə, qazandığı uğurlara kölgə salmaq cəhdidir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə