Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində və 2023-cü ilin sentyabrında aparılan antiterror tədbirləri nəticəsində əldə edilən Tarixi Zəfər Azərbaycan dövlətçiliyinin təkamülündə yeni və keyfiyyətcə fərqli bir dövr açdı. Bu gün haqlı olaraq vurğulandığı kimi, biz son 200 ilin - yəni Çar Rusiyasının işğalından, iki əsr davam edən parçalanmalardan, imperiya əsarətindən və sovet rejimindən sonra ən güclü Azərbaycanında yaşayırıq.
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın hərbi, iqtisadi, siyasi və geostrateji gücü bir sıra aparıcı analitik mərkəzlər və beynəlxalq münasibətlər nəzəriyyəçiləri tərəfindən "Orta Güc" kateqoriyasına aid edilir. Bu nəzəriyyənin mahiyyəti, Azərbaycanın bu statusa necə yüksəlməsi və hansı parametrlər üzrə bu qrupa daxil olmasını aydınlaşdırmaq üçün dərin təhlil lazımdır.
Azərbaycanın güc tarixini dərk etmək üçün son iki əsrin geosiyasi xronologiyasına nəzər salaq. 1813-cü il Gülistan və 1828-ci il Türkmançay müqavilələri ilə Azərbaycan xanlıqları Rusiya və Qacar imperiyaları arasında bölündü. Bu dövr xalqımızın dövlətçilik ənənələrinin itirildiyi, resursların imperiyalar tərəfindən talan edildiyi və milli kimliyin sıxışdırıldığı mərhələ idi. 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bu tarixi ədalətsizliyi qismən təkrar bərpa etməyə çalışsa da, cəmi 23 ay davam edə bildi və yenidən sovet imperiyasının tərkibinə qatıldı.
Sovet dönəmində Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan SSRİ daxilində iqtisadi, sənaye və kadr potensialı baxımından ən inkişaf etmiş respublikalardan birinə çevrildi. Lakin real suverenliyin və xarici siyasət müstəqilliyinin olmaması bu potensialın qlobal miqyasda reallaşmasına imkan vermirdi.
1991-ci ildə bərpa olunan müstəqilliyin ilk illəri xaos, vətəndaş müharibəsi təhlükəsi və torpaqların itirilməsi (I Qarabağ müharibəsi) ilə yadda qaldı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə "Əsrin müqaviləsi" imzalandı, daxili sabitlik bərqərar oldu və Azərbaycanın neft strategiyası ölkənin gələcək iqtisadi qüdrətinin təməlini qoydu.

Zəfər və yeni era
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi islahatlar, güclü ordu quruculuğu və müstəqil xarici siyasət 2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə Zəfərlə nəticələndi. 2023-cü ilin antiterror tədbirləri ilə suverenlik tam bərpa olundu. Məhz bu Zəfər Azərbaycanı regional gücdən qlobal sistemdə söz sahibi olan "Orta Güc" səviyyəsinə qaldırdı.
Beynəlxalq münasibətlər nəzəriyyəsində, xüsusilə liberal institusionalizm və realizm kəsişməsində dövlətlər güc spektrinə görə qruplaşdırılır. Birincisi, supergüclərdir. Bu ölkələr qlobal miqyasda hərbi, iqtisadi və siyasi hegemoniyaya malikdirlər (məsələn, ABŞ). İkincisi, böyük güclərdir ki, onlar qlobal siyasətə ciddi təsir edir, lakin təkbaşına hər şeyi diktə edə bilmirlər. Məsələn, Çin, Rusiya, Böyük Britaniya. Üçüncüsü, kiçik və zəif dövlətlərdir. Bunlar xarici siyasətdə əsasən böyük oyunçuların təsirindən asılı olan ölkələrdir. Dördüncüsü, orta güclərdir. Onlar supergüc və ya böyük güc olmasalar da, öz regionunda hərbi və siyasi nizamı müəyyən etmək qabiliyyətinə malik, qlobal təchizat zəncirlərində (enerji, nəqliyyat) kritik rol oynayan, beynəlxalq hüququ müdafiə edən və diplomatiyada fəal vasitəçi kimi çıxış edənlərdir. Məsələn, Türkiyə, Səudiyyə Ərəbistanı, Avstraliya, Hindistan (regional miqyasda) və Azərbaycan. Orta güclər sərt güc ilə yumşaq gücün balansını tapmış, asılılıqdan qurtulmuş və çoxvektorlu siyasət yürüdən subyektlərdir.
Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər və reallıqlar onu beynəlxalq politologiyada məhz "Orta Güc" kimi səciyyələndirməyə əsas verir. Bu, aşağıdakı 5 əsas parametr üzrə təhlil olunur: hərbi güc və suverenlik, geoiqtisadi və enerji rolu, nəqliyyat və logistika, diplomatik subyektlik, strateji muxtariyyət.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini öz hərbi gücü, innovativ texnologiyaları (PUA-lar, dəqiq zərbə sistemləri) və sərkərdəlik məharəti ilə təkbaşına icra etmişdir. Ölkə başqa hərbi bloklardan asılı olmadan öz sərhədlərini və konstitusiya quruluşunu qorumaq qabiliyyətini bütün dünyaya sübut etmişdir. Bu, hərbi sahədə "orta güc" olmanın ən təməl şərtidir.
Azərbaycan təkcə neft ixracatçısı deyil, TANAP və TAP vasitəsilə Avropanın qaz təchizatını şaxələndirən və qitənin enerji təhlükəsizliyində həlledici rol oynayan geoiqtisadi aktordur. Xəzər dənizinin bərpaolunan enerji potensialını Avropaya (Qara dəniz sualtı kabeli ilə) daşımaqla Azərbaycan qlobal iqlim və enerji təhlükəsizliyində oyun qaydalarını müəyyən edən tərəfə çevrilmişdir.

Avrasiya qitəsində geosiyasi böhranlar fonunda ticarət yollarının yenidən formalaşdığı dövrdə Azərbaycan (Bakı portu, Dəmir yolları, Zəngəzur dəhlizi/TRIPP layihəsi) əsas tranzit arteriyasına çevrilmişdir. Ölkənin həm Qərb, həm də Asiya üçün əvəzedilməz logistika habı olması onun beynəlxalq çəkisini kəskin artırır.
Azərbaycan xarici borcdan azad olan, öz maliyyə ehtiyatlarına (Neft Fondu) malik, xarici kreditlərdən asılı olmayan azsaylı inkişaf etməkdə olan ölkələrdəndir. Maliyyə müstəqilliyi xarici siyasətdə tam sərbəst qərarlar qəbul etmək imkanı yaradır ki, bu da orta güc statusunun əsas atributudur.
Azərbaycanın "orta güc" statusuna yüksəlməsi nəzəri bir anlayış olmaqla yanaşı, gerçək meydan reallıqlarına əsaslanır. Son 200 ilin əsarət, məğlubiyyət və parçalanma sindromundan qurtulan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Zəfər strategiyası sayəsində Cənubi Qafqazın hüdudlarını aşaraq Avrasiya miqyasında söz sahibi olan, müttəfiqləri ilə bərabərhüquqlu danışan, regional nizamı formalaşdıran və qlobal proseslərə təsir edən qüdrətli Orta Güc mərkəzinə çevrilmişdir. Bu status Azərbaycanın yalnız bu gününü deyil, həm də gələcək əsrlərdəki geostrateji təhlükəsizliyinin və inkişafının zəmanətidir.
V.VƏLİLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB