Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirildi
Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirilib.
SİA xəbər verir ki, Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” təşkil olunub. “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyinin və “Bu gün TV Media Qurumu”nun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə reallaşan layihədə 20 Daun sindromlu yeniyetmə və 20 valideyn iştirak edib. Sosial layihə təbiətə sevgi, inklüzivlik və birlik duyğularını özündə birləşdirib. Festivalın təşkilində əsas məqsəd, ekoloji fəaliyyət, gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların istedadlarını üzə çıxarmaqdı.
Tədbirin ən maraqlı və yaddaqalan mərhələlərindən biri yeniyetmələrin quş evcikləri və heyvanlar üçün sığınacaqlar hazırlaması olub. Onlar evcikləri rəngləyərək Mərkəzi Nəbatat Bağına hədiyyə ediblər. Bu təşəbbüs uşaqlarda heyvanlara və quşlara qayğı, təbiətə sevgi, əməyə hörmət kimi dəyərlərin formalaşmasına xidmət edib.
Festivalın digər maraqlı və xüsusi diqqət çəkən proqramlarından biri isə yoqa təlimi olub. Yoqaçı Rinat Alimov Daun sindromlu yeniyetmələr üçün bir saatlıq xüsusi təlim keçib. Meditasiya musiqisinin müşayiəti ilə baş tutan yoqa iştirakçıların maraq və sevincinə səbəb olub. Bu proqram festivalın yalnız ekoloji deyil, həm də fiziki və emosional rifahı dəstəkləyən sosial layihə olduğunu nümayiş etdirib.
Tədbirin Bakı Şəhər İcra hakimiyyətinin dəstəyi ilə Mərkəzi Nəbatat Bağında təşkil olunması festivalın ideyası ilə uyğunluq təşkil edib. Payızın rəngləri, təbiətin füsunkar mənzərəsi və açıq havanın yaratdığı xoş atmosfer tədbirin ümumi ruhunu daha da zənginləşdirib.
Festivalda yaradıcılıq qabiliyyəti və xüsusi istedadı olan yeniyetmələr üçün şərait yaradılıb. Onların rəsm sərgisi ilə yanaşı, musiqi, rəqs və digər yaradıcı çıxışları tədbirin ən yaddaqalan məqamlarından olub. Gənclərin özünəməxsus enerjiləri və sevinc dolu anları iştirakçılara xoş ovqat bəxş edib.
Əməkdar jurnalist, media eksperti Mətanət Ağamirli “Təbiətin Dostları Festivalı”nın əhəmiyyətindən danışıb. Layihədə yaxından iştirak edən valideynlərə və yeniyetmələrə uğurlar arzulayıb. Həssas qrupdan olan istedadlı gənclərin ekoloji fəaliyyətlərə cəlb olunmasını yüksək dəyərləndirib.
Daxili İşlər Nazirliyinin sabiq inspektoru Kəmalə Ələkbərova çıxış edib. O, xüsusi qayğıya ehtiyacı olan yeniyetmələrin cəmiyyətə inteqrasiyasında, onların sosial fəallığının artırılmasında və bərabər imkanlarla təmin olunmasında belə festivalların mühüm rol oynadığını vurğulayıb.
Sonra çıxış üçün “Təbiətin Dostları Festivalı”nın layihə rəhbəri, “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyi ilə “Bu gün tv Media Qurumu”nun təsisçisi, Əməkdar jurnalist Elnarə Dərziyeva səhnəyə dəvət olunub. O, qonaqlara təşəkkürünü bildirdikdən sonra festivalın əsas tərəfdaşlarından olan UAFA Uşaqlara Dəstək təşkilatının Valideyn Birliyinin rəhbəri dəyərli Zəhra Xələfovaya tədbirin təşkilindəki roluna görə minnətdarlığını bildirib.
Sonra “Ziraat Bank Azərbaycan”ın Marketinq və Kommunikasiya Departamentinin direktoru Aynur Mirzəyeva səhnəyə dəvət olunub. O, çıxış edərək, belə bir sosial layihədə tərəfdaş olmaqdan məmnunluqlarını ifa edib. “Ziraat Bank Azərbaycan” olaraq, cəmiyyətin rifahına, ekoloji düşüncənin formalaşmasına və həssas qruplardan olan uşaqların, yeniyetmə və gənclərin sosial həyatında fəal iştirakına töhfə verməyin korporativ sosial məsuliyyətdən doğduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB