“8 Noyabr Azərbaycanın milli qürurunun və dövlətçilik iradəsinin təntənəsidir” - DEPUTAT

“8 Noyabr Azərbaycanın milli qürurunun və dövlətçilik iradəsinin təntənəsidir” - DEPUTAT

"8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin sadəcə bir səhifəsi deyil, xalqımızın taleyini dəyişən, milli qürurumuzu və dövlətçilik iradəmizi bütün dünyaya nümayiş etdirən tarixi dönüş nöqtəsidir".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu tarix Azərbaycan xalqının 30 ilə yaxın davam edən işğalla barışmadığını, öz torpaqlarına sahib çıxmaq əzmini heç zaman itirmədiyini və ən çətin məqamlarda belə milli birliyini qorumağı bacardığını göstərdi. 8 Noyabr həm də tarixə verilən cavab, gələcəyə ünvanlanan güclü siyasi və mənəvi mesajdır.

2020-ci ilin 8 noyabrında Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı öz tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində əldə olunan tarixi Qələbə yalnız hərbi uğur deyildi. Bu Zəfər Azərbaycanın siyasi iradəsinin, iqtisadi gücünün, diplomatik fəaliyyətinin və illərlə aparılan məqsədyönlü dövlət quruculuğu siyasətinin məntiqi nəticəsi idi.

Zəfər Gününün ən böyük mənəvi dəyəri isə onun gələcək nəsillərə verdiyi mesajdır. Biz övladlarımıza yalnız qalib ölkə deyil, həm də qalib düşüncə, milli özünəinam və güclü dövlətçilik şüuru miras qoyuruq. Bu gün böyüyən Azərbaycan gənci artıq işğal altında olan torpaqların xəritəsinə deyil, azad edilmiş və yenidən qurulan Qarabağın, Şərqi Zəngəzurun gələcəyinə baxır. Bu, bütöv bir nəslin dünyagörüşündə baş verən tarixi dəyişiklikdir.

Lakin Zəfərin əsl mahiyyəti yalnız qazanılmış Qələbə ilə məhdudlaşmır. Onu qorumaq, möhkəmləndirmək və gələcək inkişafın təməlinə çevirmək də tarixi məsuliyyətdir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı göstərir ki, Azərbaycan hərbi Qələbəsini dinc quruculuq və inkişaf mərhələsinə daşıyır.

Bizim gələcək nəsillərə ən mühüm vəsiyyətimiz budur: Vətəni sevmək yalnız onun uğurları ilə fəxr etmək deyil, onun müstəqilliyini qorumaq, inkişafına töhfə vermək, dövlətçilik maraqlarını hər şeydən üstün tutmaqdır. Gənclərimiz bilməlidirlər ki, bugünkü azadlığın, təhlükəsizliyin və qürurun arxasında şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və bütöv xalqın mübarizəsi dayanır.

8 Noyabr bizə bir həqiqəti öyrətdi: Zəfəri qazanmaq qəhrəmanlıqdır, onu əbədi yaşatmaq isə nəsillərin məsuliyyətidir.

Bu gün Azərbaycan tarixini yalnız xatırlamır, həm də öz gələcəyini həmin tarixi Qələbənin yaratdığı yeni reallıqlar üzərində qurur. Zəfərimizin əbədiliyi də məhz güclü dövlət, savadlı və vətənpərvər gənclik, davamlı inkişaf və milli birliyimizin qorunmasından keçir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə