“Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşdır” -MİLLƏT VƏKİLİ

“Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşdır” -MİLLƏT VƏKİLİ

Azərbaycan–Litva münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafı Avropanın enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi və yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin dərinləşdirilməsi, Litvanın isə Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində iqtisadi-siyasi mövqelərinin möhkəmləndirilməsi baxımından qarşılıqlı maraqlara əsaslanır.
Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcıdır.

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə gprə, sənəd siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha sistemli və uzunmüddətli əsaslar üzərində qurulmasına xidmət edir:

”Mövcud geosiyasi şəraitdə Avropa ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və alternativ nəqliyyat marşrutlarının inkişafı xüsusi aktuallıq daşıyır. Bu baxımdan Azərbaycan və Litva arasında strateji tərəfdaşlıq hər iki ölkənin regional və beynəlxalq maraqlarına uyğun gəlir.

Litvanın xarici işlər naziri Kestutis Budrisin ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevlə görüşdə də dövlətimizin başçısı
Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlıq münasibətlərinin uzun illərdir uğurla inkişaf etdiyini vurğulayıb. Cənab Prezident enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib və nazirin səfərini bu baxımdan vacib addım kimi qiymətləndirib.
Azərbaycanın xarici siyasətində Avropa istiqaməti mühüm yer tutur. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olmaqla yanaşı, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında da strateji rol oynayır. Litva isə Avropa İttifaqının üzvü kimi Azərbaycanın Avropa institutları ilə siyasi və iqtisadi dialoqunun genişləndirilməsi baxımından əhəmiyyətli tərəfdaşdır. Xüsusilə Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrlik edəcək olması bu əməkdaşlığa əlavə siyasi məzmun qazandırır.
Tərəfdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir. Azərbaycanın zəngin enerji resursları, Avropaya qaz ixracı və bərpaolunan enerji potensialı Avropa ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Litva üçün isə enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi strateji təhlükəsizlik məsələsidir. Bununla yanaşı, yaşıl enerji, enerji səmərəliliyi və müasir texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi də qarşılıqlı fayda vəd edir.
Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə inkişaf etdirilən Orta Dəhliz Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişləndirilməsində mühüm əhəmiyyət daşıyır. Litvanın Baltik dənizi regionundakı coğrafi və logistika imkanları bu marşrutun Avropa bazarlarına inteqrasiyası baxımından əlavə perspektivlər yaradır.
Strateji tərəfdaşlıq iqtisadi və siyasi münasibətlərlə yanaşı, təhlükəsizlik, rəqəmsallaşma, təhsil, elm və humanitar əlaqələrin inkişafı üçün də yeni imkanlar açır. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, qarşılıqlı dəstəyi və parlamentlərarası əlaqələri də bu münasibətləri möhkəmləndirir.

Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan–Litva əməkdaşlığı Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda da əhəmiyyətlidir:

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Litvanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə dəstək ifadə etməsi bu baxımdan diqqətəlayiqdir. Davamlı sülhün təmin olunması regionun beynəlxalq nəqliyyat və iqtisadi layihələrdə rolunu daha da artıracaq”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə