Şirkətlərin ləğvi zamanı işçilərlə əmək müqavilələrinə xitam verilməsi qaydası dəqiqləşdirilir

Şirkətlərin ləğvi zamanı işçilərlə əmək müqavilələrinə xitam verilməsi qaydası dəqiqləşdirilir

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

SİA xəbər verir ki, dəyişikliklər hüquqi şəxslərin ləğvi və vergi uçotundan çıxarılması zamanı işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi qaydasını tənzimləyir.

Layihəyə əsasən, hüquqi şəxsin ləğvetmə komissiyası ləğvetmə balansı təsdiq edilənədək həmin qurumun işçiləri ilə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsini təmin etməlidir.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə görə, xarici dövlət rezidentinin Azərbaycanda fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin və idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması həmin qurumların işçiləri ilə əmək müqavilələrinə xitam verildikdən sonra mümkün olacaq. Eyni qayda vergi ödəyicisi olan fiziki şəxslərin vergi uçotundan çıxarılmasına da şamil ediləcək.

Bundan başqa, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Hüquqi şəxsin ləğvi zamanı təqdim olunmalı sənədlərin siyahısına qüvvədə olan əmək müqaviləsinin olmamasına dair müvafiq informasiya sistemindən çıxarışın əlavə edilməsi nəzərdə tutulur.

Qanun layihəsinin keçid müddəasına əsasən, qanun qüvvəyə minənədək ləğv edilmiş hüquqi şəxslərlə və vergi uçotundan çıxarılmış müvafiq xarici qurumlarla əmək müqavilələri hələ də qüvvədə görünən işçilər müraciət etdikdə, həmin müqavilələr qurumların hüquqi şəxslərin dövlət reyestrindən və ya vergi uçotundan çıxarıldığı tarixdən qüvvədən düşmüş hesab ediləcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə