Elektron ticarətdə POS-terminallar və nağdsız ödənişlərlə bağlı qaydalar yenilənir

Elektron ticarətdə POS-terminallar və nağdsız ödənişlərlə bağlı qaydalar yenilənir

“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

SİA xəbər verir ki, dəyişikliklər elektron ticarət sahəsində texnoloji neytrallıq prinsipinin tətbiqini, ödəniş vasitələrinin əhatə dairəsinin genişləndirilməsini və elektron təsdiq mexanizminin təkmilləşdirilməsini nəzərdə tutur.

Layihəyə əsasən, POS-terminal anlayışı yenilənir. Belə ki, nağdsız və təmassız ödənişlərin aparılması, eləcə də nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulan avadanlıqlarla yanaşı, müvafiq proqram təminatı ilə təchiz edilmiş mobil cihazlar da bu anlayışa daxil edilir.

Bundan başqa, qanuna “texnoloji neytrallıq” anlayışı əlavə olunur. Bu prinsip elektron ticarət münasibətlərində hər hansı texnologiyaya üstünlük verilməməsini, texnoloji həllərin bərabər qəbul edilməsini və onların tətbiqinə məhdudiyyət qoyulmamasını nəzərdə tutur.

Dəyişikliklərə əsasən, elektron ticarət zamanı alıcıya malların, işlərin və xidmətlərin dəyərinin ödənilməsi üsulları, o cümlədən POS-terminal, elektron pul kisəsi və digər vasitələrlə nağdsız ödəniş imkanları barədə məlumat verilməlidir. Həmçinin elektron ticarət çərçivəsində nağdsız ödənişlərin ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilməsi müəyyənləşdirilir.

Layihədə elektron ticarət zamanı təsdiqin yazılı formada deyil, elektron sənəd formasında həyata keçirilməsi də nəzərdə tutulur.

Qanun dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minəcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə