"Tarixi yaddaş ideoloji təxribatlara qarşı əsas dayaqlardan biridir" - Hikmət Babaoğlu

"Tarixi yaddaş ideoloji təxribatlara qarşı əsas dayaqlardan biridir" - Hikmət Babaoğlu

Tarixi Zəfərə aparan yolun ideoloji və məfkurəvi əsaslarının öyrənilməsi, milli yaddaşın qorunması müasir dövrdə ideoloji təxribatlara qarşı mübarizənin mühüm istiqamətlərindəndir.

SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu bugünkü plenar iclasda çıxışı zamanı deyib.

Deputat bildirib ki, xalqın milli qürur mənbəyi olan tarixi Zəfərin mahiyyətini daha dərindən anlamaq üçün bu Qələbəyə aparan tarixi proseslərə nəzər salmaq vacibdir. Onun sözlərinə görə, Azərbaycan elmi, ədəbiyyatı və tarixində Zəfərə aparan ardıcıl ideoloji yanaşma formalaşıb.

Hikmət Babaoğlu XIX əsrin sonlarında türk dünyasının ideoloqlarından İsmayıl bəy Qaspiralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” prinsipini xatırladıb. O qeyd edib ki, bu ideyalar sonradan Əhməd bəy Ağaoğlu tərəfindən müstəqillik və azadlıq məfkurəsi ilə zənginləşdirilib.

Deputatın fikrincə, həmin ideoloji irsin siyasi və institusional müstəvidə inkişafı Türk Dövlətləri Təşkilatının formalaşması istiqamətində atılan addımlarda da öz əksini tapıb. O, 2019-cu ildə Naxçıvanda keçirilən Türk Şurasının Zirvə Görüşünü bu prosesin mühüm mərhələlərindən biri kimi dəyərləndirib.

Hikmət Babaoğlu Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına da toxunub. O bildirib ki, bu hadisələr müstəqillik və azadlıq ideallarının reallaşması baxımından tarixi əhəmiyyət daşıyır.

Deputat vurğulayıb ki, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi müasir ictimai-siyasi mühitdə xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dezinformasiya və ideoloji risklərin mövcud olduğu şəraitdə milli tarixi yaddaşa mütəmadi müraciət olunmalıdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə