“Faiz subsidiyası fermerlərin maliyyə yükünü azalda bilər” -EKSPERT

“Faiz subsidiyası fermerlərin maliyyə yükünü azalda bilər” -EKSPERT

“Kənd təsərrüfatı istehsalçılarının kredit faizlərinin subsidiyalaşdırılması fermerlərin maliyyə yükünün azaldılması və istehsal imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır. Lakin bu mexanizmin effektivliyi yalnız faizlərin aşağı salınması ilə deyil, fermerlərin kreditlərə real çıxış imkanlarının təmin edilməsi ilə ölçülməlidir”.
SİA xəbər verir ki, bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlamasında bildirib.

Onun sözlərinə görə, kiçik və orta fermerlərin bir qismi bankların tələb etdiyi girov və maliyyə təminatını təqdim etməkdə çətinlik çəkir:

”Buna görə də kredit zəmanəti mexanizmlərinin genişləndirilməsi, girov tələblərinin sadələşdirilməsi və kreditlərin fermerlərin real istehsal imkanlarına uyğun verilməsi vacibdir.

Digər tərəfdən, kənd təsərrüfatında gəlirlərin əldə olunması müəyyən vaxt tələb edir. Bağçılıq, istixana təsərrüfatı və heyvandarlıq sahələrində investisiyaların geri dönüş müddəti nəzərə alınmalı, fermerlərə uzunmüddətli və güzəştli kreditlər təqdim edilməlidir. Kreditlərin ödəniş qrafiki də məhsulun yetişmə və satış dövrünə uyğunlaşdırılmalıdır.

Suvarma sistemlərinin qurulması, müasir texnikanın alınması, anbar və soyuducu komplekslərinin yaradılması kimi layihələrə xüsusi dəstək göstərilməsi də kənd təsərrüfatının məhsuldarlığını və rəqabət qabiliyyətini artıra bilər.

Əsas məqsəd fermerlərə yalnız ucuz kredit təqdim etmək deyil, onların gəlirlərini artırmaq, istehsalını genişləndirmək və kreditləri vaxtında qaytara bilmələri üçün əlverişli şərait yaratmaqdır. Bu halda faiz subsidiyası kənd təsərrüfatının davamlı inkişafına xidmət edən effektiv iqtisadi mexanizmə çevrilə bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə