TSH yüksəkliyi hamiləliyə necə təsir edir? - HƏKİM AÇIQLADI

TSH yüksəkliyi hamiləliyə necə təsir edir? - HƏKİM AÇIQLADI

Haşimoto tiroiditi qadınlarda hormonal dəyişikliklərə, hamiləlik planlaşdırılarkən çətinliklərə və bəzi hallarda hamiləliyin gedişində problemlərə səbəb ola bilən autoimmun xəstəlikdir. Xüsusilə qalxanabənzər vəzin funksiyasının zəifləməsi reproduktiv sağlamlığa təsir göstərə bilər. Buna görə də Haşimoto diaqnozu olan qadınların hamiləlikdən əvvəl hormonal göstəricilərini yoxlatdırması və endokrinoloq nəzarətində olması vacibdir.

Bu sözləri SİA-ya endokrinoloq Samirə Süleymanova deyib.

O bildirib ki, Haşimoto tiroiditi autoimmun prosesdir:

“Autoimmun proses nədir? Məsələn, adi bir xəstəliyə yoluxduqda orqanizm həmin xəstəlik törədicisini bədəndən uzaqlaşdırmağa çalışır. Autoimmun proseslərdə isə orqanizmin öz hüceyrələrinə qarşı immun reaksiyası yaranır. Bu halda immun sistem qalxanabənzər vəzi zədələməyə başlayır.

Nəticədə qalxanabənzər vəzinin kiçilməsi və hormon istehsalının azalması baş verə bilər. Hormon istehsalının azalması fonunda bir çox şikayətlər yaranır. Bunlara şişkinlik, boğulma hissi, halsızlıq, yorğunluq, yuxululuq, qəbizlik, saç tökülməsi və dəridə quruluq daxildir.

Haşimoto tiroiditinin sonrakı mərhələlərində yaranan hipotireoz reproduktiv sağlamlığa da təsir göstərə bilər. Bu vəziyyətdə qalxanabənzər vəzinin hormon istehsalı azalır, TSH göstəricisi isə yüksəlir. TSH hipofiz vəzində sintez olunan hormondur və qalxanabənzər vəzinin fəaliyyətini tənzimləyir.

TSH göstəriciləri hamiləlikdən əvvəl və hamiləliyin üç trimestrində fərqli şəkildə qiymətləndirilir. Hamiləliyin birinci trimestrində TSH göstəricisinin 0,1–2,5, ikinci trimestrində 0,2–2,5, üçüncü trimestrində isə təxminən 0,3 ətrafında olması nəzərdə tutulur. Qeyd edim ki, hamilə olmayan şəxslərdə TSH üçün ümumi referans aralığı 0,4–4,2 hesab olunur.

Xüsusilə inkişafdan qalmış hamiləlik, sonsuzluq, düşük və təkrarlanan düşüklər yaşayan pasiyentlərdə TSH göstəricilərinin nəzərə alınması vacibdir. Hamiləlik planlaşdıran qadınlarda bu göstərici nəzarətdə saxlanılmalı və həkimin təyin etdiyi müalicə ilə 2,5-dən aşağı səviyyəyə çatdırılması hədəflənməlidir.

TSH göstəricilərinin mütəmadi yoxlanılması da vacibdir. Bu analizlərin nəzarət məqsədilə təxminən 21 gündən bir, maksimum ayda bir dəfə yoxlanılması tövsiyə olunur. Məqsəd hamiləliyin baş tutmasına hazırlıq görmək, hamiləlik müddətində hormonal tarazlığı qorumaq və sağlam doğuş üçün lazımi şəraiti təmin etməkdir.

Bir məqamı da vurğulamaq istəyirəm ki, hər bir qadın ana olmağa layiqdir. Lakin həkim olaraq mənim tövsiyəm yalnız hamilə qalmağa deyil, həm də sağlam hamiləlik keçirərək sağlam övlad dünyaya gətirməyə yönəlib.

Ultrasəs müayinəsinə gəldikdə isə, hamiləlik dövründə qalxanabənzər vəzin ultrasəs müayinəsi hər kəs üçün mütləq zəruri deyil. Bu müayinə əsasən vəzdəki düyünlərdə dəyişiklik olduqda və əlavə müayinələrə, o cümlədən biopsiyaya ehtiyac yarandıqda əhəmiyyət daşıyır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə