Uşaqlıqda yaşanan travmalar yetkinlik dövründə insanın münasibətlərinə necə təsir edir? - PSİXOLOQ DANIŞDI

Uşaqlıqda yaşanan travmalar yetkinlik dövründə insanın münasibətlərinə necə təsir edir? - PSİXOLOQ DANIŞDI

İlk öncə nəzərinizi çatdırmaq istərdim ki, travma anlayışı nədir. Əgər illər sonra hər hansı hadisə insanda narahatçılıq yaradırsa, hər hansı bir hiss formasında, ağrı formasında xatırlanırsa travmadır. Biri də var - faciə. Bəzi hadisələr var ki, insan onu yaşadığı halda travmadan da artıq hisslər yaradır. Həyatın gedişatını pozur. Bunlar fiziki işgəncə, zorakılıq, ağır bullinq, valideynin qeyri - sağlam həyat tərzi və s. Bu hadisələri uşaqlıqda yaşayan şəxsin fərdi psixoloji xüsusiyyətlərindən asılı olaraq gələcəyinə təair göstərir.

Bu sözləri SİA-ya psixoloq Fatimə Bayramova deyib.

O bildirib ki, kimdəsə bu hadisələrin yaratdığı travmalar sadəcə hisslərində qalır, kimdəsə gündəlik həyat tərzinə təsir göstərir:

“Əgər şəxa travmalarının fərqindədirsə onu aradan qaldırmaq asandır, lakin etdiyi hərəkət və davranışın yaşadığı travma nəticəsindən yarandığının fərqində deyilsə əlbəttə çətinlik yaranacaq və bu şəxslər də müalicəyə hazlr olmur. İnsan yalnız öz fərqinə vardıqda özünün psixi sağlamlığını mühafizə və müalicə edə bilər. Bir amilə də diqqətinizi çəkmək istərdim.

Bəzən bir insanın başqalarına qarşı sərgilədiyi mənfi davranışları onun uşaqlıq travmaları ilə əsaslandırmağa çalışırlar. Halbuki davranışın psixoloji səbəbini izah etmək, həmin davranışa haqq qazandırmaq demək deyil.

Elə insanlar var ki, ağır travmalar yaşayıblar, daxili ziddiyyətlərlə mübarizə aparırlar, lakin öz ağrılarını başqalarına yaşatmır, insanlara zərər vermir və onların inkişafına mane olmurlar.

Sadə bir nümunə ilə izah edək. Təsəvvür edək ki, iki insan uşaqlıqda daim başqaları ilə müqayisə olunub, valideynlərinin gözləntilərini qarşılamaqda çətinlik çəkib və özünü başqalarından daha aşağı dəyərləndirməyə alışıb. Nəticədə hər iki şəxsdə paxıllıq hissi formalaşıb.

Lakin onlardan biri başqasının uğuruna paxıllıq etsə də, həmin insana zərər vermir. Digəri isə uğur qazanan şəxsi gözdən salmağa, nüfuzuna xələl gətirməyə və onun inkişafına mane olmağa çalışır.

Hər iki insan oxşar travmatik təcrübə yaşayıb, oxşar hisslər keçirir, amma fərqli davranışlar sərgiləyir. Məhz burada insanın mənəvi dəyərləri, vicdanı, özünənəzarət qabiliyyəti və davranışlarına görə məsuliyyət daşıması məsələsi ortaya çıxır.

Hər bir mənfi davranışın arxasında travma axtarmaq və hər bir destruktiv hərəkəti psixoloji səbəblərlə bəzəmək doğru yanaşma deyil. İnsanları dəyərləndirərkən onların yalnız keçmişini deyil, bu gün etdikləri seçimləri də nəzərə almalıyıq.Travma insanın niyə belə hiss etdiyini və davrandığını izah edə bilər, lakin başqalarına zərər verməsinə bəraət qazandırmaz, əsla”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə