QHT-lərin fəaliyyəti və qeydiyyatı ilə bağlı qaydalar dəyişir

QHT-lərin fəaliyyəti və qeydiyyatı ilə bağlı qaydalar dəyişir

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

SİA xəbər verir ki, təklif olunan dəyişikliklər QHT-lərin fəaliyyət istiqamətlərinin, qeydiyyatının, maliyyə hesabatlılığının və fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.

Dəyişikliklərə əsasən, ictimai birliklərin yaradılması üçün peşə, sosial-humanitar, mədəniyyət və incəsənət, təhsil və elm, ekologiya, hüquq və iqtisadi sahələr üzrə növlər müəyyənləşdirilir. Fondlar isə ictimai faydalı və xeyriyyə fondları olmaqla təsnif ediləcək. QHT-lər yalnız bir növ üzrə yaradıla biləcək və onların nizamnamələrində həmin növə uyğun məqsəd və vəzifələr göstəriləcək.

Qanun layihəsinə əsasən, QHT-lərin fəaliyyətinin nizamnamələrində göstərilən məqsədlərə uyğun olması, əmlak və vəsaitlərindən təyinatı üzrə istifadə edilməsinə daxili nəzarətin həyata keçirilməsi ilə bağlı tələblər dəqiqləşdirilir. Həmçinin təşkilatların maliyyə mənbələri və vəsaitlərindən istifadə barədə ətraflı illik maliyyə hesabatının təsdiq edilməsi, terrorçuluğun maliyyələşdirilməsi risklərinin minimuma endirilməsi üçün müvafiq qayda və prosedurların müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bundan başqa, QHT-lərin fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı əsaslar yenilənir. Şəffaflığın təmin edilməməsi, korrupsiya hüquqpozmalarının, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması üzrə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin yerinə yetirilməməsi fəaliyyətin dayandırılması üçün əsaslardan biri kimi müəyyənləşdirilir.

Layihədə təşkilatların fəaliyyətinin dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratması, qanunvericiliyin tələblərinin pozulması və digər hallarda onların məhkəmə qərarı ilə ləğv edilməsi qaydaları da əksini tapıb.

Keçid müddəalarına görə, qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış QHT-lər 30 gün ərzində nizamnamələrini yeni tələblərə uyğunlaşdıraraq yenidən dövlət qeydiyyatına alınmaq üçün müraciət etməlidirlər. Xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri də sazişlərlə bağlı müvafiq tədbirləri görərək həmin müddətdə müraciət etməlidirlər.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə