"Uşaq və yeniyetmə dərisinin mürəkkəb kosmetik vasitələrə ehtiyacı yoxdur" - HƏKİM DANIŞDI

"Uşaq və yeniyetmə dərisinin mürəkkəb kosmetik vasitələrə ehtiyacı yoxdur" - HƏKİM DANIŞDI

"Son zamanlar azyaşlı qızlar arasında makiyaja marağın artdığını müşahidə edirik. Sosial şəbəkələrdə yayılan videoların, gözəllik trendlərinin və bloqerlərin təsiri ilə bir çox qız uşaqları hələ erkən yaşlardan tonal krem, konsiler, tuş, ənlik və digər kosmetik vasitələrdən istifadə etməyə başlayırlar. Bəzən bu, sadəcə maraq və əyləncə kimi görünsə də, məsələnin sağlamlıq tərəfini də unutmaq olmaz".

Bu sözləri SİA -ya açıqlamasında həkim, terapevt Fidan Həsənli bildirib.

Onun sözlərinə görə, uşaqların dərisi böyüklərin dərisi ilə eyni xüsusiyyətlərə malik deyil. Xüsusilə kiçik yaşlarda dəri daha həssas olur və bəzi kosmetik məhsulların tərkibindəki ətirlər, konservantlar və rəngləndiricilər qıcıqlanmaya səbəb ola bilər. Nəticədə dəridə qızartı, qaşınma, quruluq, səpkilər və allergik reaksiyalar meydana çıxa bilər:

"Digər tərəfdən, tonal kremlərin və digər örtücü məhsulların tez-tez istifadəsi, xüsusilə makiyajın düzgün təmizlənməməsi məsamələrin tutulmasına, qara nöqtələrin və sızanaqların yaranmasına şərait yarada bilər. Göz ətrafında istifadə olunan kosmetik vasitələr isə bəzi hallarda göz qapaqlarında allergik reaksiyalara və qıcıqlanmaya səbəb olur.

Son dövrlərdə uşaqlar arasında dəriyə qulluq adı altında retinol, turşular, pilinq vasitələri və müxtəlif serumların istifadəsi də diqqət çəkir. Halbuki sağlam uşaq və yeniyetmə dərisinin bu məhsulların əksəriyyətinə ehtiyacı yoxdur. Əksinə, həmin vasitələr düzgün seçilmədikdə dərinin qoruyucu baryerini zədələyə və həssaslığını artıra bilər.

Valideynlərə tövsiyə edərdim ki, övladlarının kosmetik vasitələrə marağına yalnız qadağalarla yanaşmasınlar. Onlarla bu barədə danışmaq, düzgün dəri qulluğunu izah etmək daha vacibdir. Uşaqlara başa salmaq lazımdır ki, gözəl görünmək üçün çoxsaylı kosmetik məhsullardan istifadə etmək şərt deyil.

Əgər yeniyetmə makiyaj etmək istəyirsə, ilk növbədə sadə və dəri tipinə uyğun məhsullara üstünlük verilməlidir. Kosmetika etibarlı mənbədən alınmalı, məhsullar başqaları ilə paylaşılmamalı və günün sonunda makiyaj mütləq təmizlənməlidir. Gündəlik dəri qulluğu isə mürəkkəb olmamalıdır: yumşaq təmizləyici, nəmləndirici və günəşdən qoruyucu krem əksər yeniyetmələr üçün kifayətdir.

Makiyajdan sonra dəridə qızartı, qaşınma, yanma və ya səpkilər yaranarsa, həmin məhsulun istifadəsi dayandırılmalı, şikayətlər davam etdikdə isə dermatoloqa müraciət edilməlidir.

Bir məqamı da xüsusi vurğulamaq istəyirəm: uşaqlarımızın öz görünüşləri ilə bağlı düşüncələrinin formalaşdığı bu dövrdə onlara təbii gözəlliklərini qəbul etməyi öyrətmək çox vacibdir. Sosial şəbəkələrdə gördükləri ideal görüntülər real həyatın göstəricisi deyil. Uşaqlar özlərini yalnız makiyajlı olduqları zaman deyil, təbii halları ilə də gözəl və dəyərli hiss etməlidirlər.

Unutmayaq ki, uşaqlıq dövründə əsas məqsəd dərini dəyişdirmək deyil, onun sağlam inkişafını qorumaqdır. Sağlam dəriyə sahib olmağın yolu isə çoxsaylı kosmetik vasitələrdən deyil, düzgün və yaşa uyğun qulluqdan keçir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə