Hərbi qulluqçuların törətdiyi inzibati xətalarla bağlı cərimə və həbs müddətləri dəyişir

Hərbi qulluqçuların törətdiyi inzibati xətalarla bağlı cərimə və həbs müddətləri dəyişir

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

SİA xəbər verir ki, dəyişikliklər hərbi qulluqçular tərəfindən törədilən inzibati xətalar üzrə icraatın aparılması, hərbi prokurorun səlahiyyətləri, eləcə də bəzi pozuntulara görə tətbiq edilən cərimə və inzibati həbs müddətlərini əhatə edir.

Layihəyə əsasən, hərbi qulluqçular tərəfindən törədilən və Məcəllənin 610–618-ci maddələrində nəzərdə tutulan inzibati xətalarla bağlı qərarların, qərardadların və protokolların surətləri müvafiq hərbi prokurora göndəriləcək. Hərbi prokuror işin başlanılmasından imtina və ya icraata xitam verilməsi barədə qərarların qanuniliyini və əsaslılığını 30 gün ərzində yoxlaya biləcək. Qanunsuz və ya əsassız qərar müəyyən edildikdə, onun ləğvi və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Yoxlama üçün tələb edilən icraat materialları isə bir gün ərzində hərbi prokurora təqdim olunmalıdır.

Dəyişikliklərə görə, hərbi qulluqçunun xidməti vəzifələrinin icrası və ya digər üzrlü səbəblərdən dərhal məhkəməyə gələ bilmədiyi hallarda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun məhkəməyə gətirilməsi mümkün olmadıqda, inzibati həbs nəzərdə tutan işlərə Məcəllədə müəyyən edilmiş müddətdə baxılacaq.

Bundan başqa, Məcəllənin 613-cü maddəsində nəzərdə tutulan bəzi inzibati xətalara görə cərimə və həbs müddətlərinin dəyişdirilməsi təklif olunur. Belə ki, 613.2-ci maddə üzrə pozuntuya görə cərimə 200 manatdan 300 manatadək müəyyən edilir və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək inzibati həbs tətbiq oluna bilər. Həmin maddədə pozuntunun törədilməsi ilə bağlı müddət meyarı üç ildən bir ilədək azaldılır.

613.4-cü maddə üzrə isə cərimənin 300 manatdan 500 manatadək olması və ya 10 gündən bir ayadək inzibati həbs tətbiqi nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə