"Orta Kür layihəsi Azərbaycanın enerji siyasətində yeni mərhələdir" - Sadiq Qurbanov

"Orta Kür layihəsi Azərbaycanın enerji siyasətində yeni mərhələdir" - Sadiq Qurbanov

Orta Kür Kontrakt Sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsünə dair saziş Azərbaycanın enerji resurslarından səmərəli istifadə, qabaqcıl texnologiyaların tətbiqi və regionların iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov bugünkü plenar iclasda çıxışı zamanı deyib.

Deputat bildirib ki, “Azərbaycan Respublikasının Orta Kür Kontrakt Sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü haqqında” Saziş yeni ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsi və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi istiqamətində atılan növbəti addımdır.

Onun sözlərinə görə, layihə çərçivəsində qeyri-ənənəvi karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi üçün qabaqcıl texnologiyaların tətbiqi nəzərdə tutulur. Sazişə əsasən, ExxonMobil layihədə 50 faiz iştirak payına malik olmaqla operator funksiyasını həyata keçirəcək, digər 50 faiz pay isə SOCAR-ın kommersiya törəmə şirkəti “Middle Kura” MMC-yə məxsus olacaq.

Sadiq Qurbanov qeyd edib ki, layihə Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Gəncə-Daşkəsən iqtisadi rayonlarının müəyyən hissələrini əhatə edir. Bu baxımdan, kəşfiyyat və gələcək hasilat işləri yeni xidmət sahələrinin yaranmasına, yerli şirkətlərin layihəyə cəlb edilməsinə, infrastrukturun genişlənməsinə və məşğulluğun artmasına şərait yarada bilər.

Deputat sazişdə Azərbaycan vətəndaşlarının işə götürülməsinə və yerli şirkətlərə üstünlük verilməsinə dair müddəaların əhəmiyyətini də vurğulayıb. O bildirib ki, layihə yerli mütəxəssislərin müasir texnologiyalar və beynəlxalq istehsalat standartları üzrə təcrübəsinin artırılmasına töhfə verməlidir.

Sadiq Qurbanovun sözlərinə görə, layihənin digər mühüm istiqaməti ətraf mühitin mühafizəsidir. Sazişdə ekoloji tədbirlərin Azərbaycan qanunvericiliyinə və beynəlxalq neft-qaz sənayesində qəbul edilmiş standartlara uyğun həyata keçirilməsi nəzərdə tutulur.

Deputat, həmçinin SOCAR və podratçı nümayəndələrindən ibarət Rəhbər Komitənin yaradılmasını dövlət maraqlarının layihənin icrası prosesində təmsil olunması baxımından mühüm mexanizm kimi qiymətləndirib.

O vurğulayıb ki, Orta Kür layihəsinin əhəmiyyətini yalnız gələcək hasilat həcmi ilə ölçmək olmaz. Layihənin əsas potensialı enerji resurslarını texnologiya, insan kapitalı, yerli sahibkarlıq və regional inkişaf imkanları ilə birləşdirməsidir.

Sadiq Qurbanov sazişin təsdiqinin Azərbaycanın enerji təhlükəsizliyi, iqtisadi inkişafı, texnoloji imkanlarının genişlənməsi və regionların sosial-iqtisadi potensialının gücləndirilməsi baxımından məqsədəuyğun olduğunu bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə