"Azərbaycanın meşəçilik sahəsində elmi və praktiki imkanları genişlənəcək" - EKOLOQ DANIŞDI
"Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2026-cı il tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi”nin yaradılması ölkənin ekoloji siyasətində mühüm və strateji əhəmiyyət daşıyan addımlardan biridir".
Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.
_(1)_(1).jpg)
Onun sözlərinə görə, müasir dövrdə iqlim dəyişiklikləri, qlobal istiləşmə, su ehtiyatlarının azalması, torpaq deqradasiyası və meşə yanğınlarının artması meşə ekosistemlərinin qorunmasını daha da aktuallaşdırır. Belə bir şəraitdə meşə təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsi, tingçilik sisteminin təkmilləşdirilməsi və meşə ehtiyatlarının dayanıqlı idarə olunması artıq ekoloji seçim deyil, zərurətdir:
"Hesab edirəm ki, yeni Mərkəzin yaradılmasının ən mühüm üstünlüklərindən biri meşə bitkilərinin toxum gen bankının formalaşdırılmasıdır. Bu, Azərbaycanın yerli ağac və kol növlərinin genetik müxtəlifliyinin qorunmasına, qiymətli toxum nümunələrinin gələcək nəsillər üçün saxlanılmasına imkan verəcək. Xüsusilə ölkəmizin müxtəlif iqlim və torpaq şəraitinə uyğun bitki növlərinin seçilməsi meşəsalma və meşəbərpa tədbirlərinin səmərəliliyini artıracaq.
Digər mühüm məsələ tinglərin yetişdirilməsi və istehsal imkanlarının genişləndirilməsidir. Meşə salmaq yalnız ağac əkməkdən ibarət deyil. Əsas məsələ əkilən ağacların iqlimə, torpağa və su şəraitinə uyğun seçilməsi, onların uzunmüddətli yaşamasının təmin edilməsidir. Buna görə də yerli şəraitə uyğun, quraqlığa və yüksək temperatura davamlı ağac növlərinin yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Mərkəzin fəaliyyətinin iqlim dəyişiklikləri ilə mübarizədə də mühüm rolu ola bilər. Meşələr atmosferdə karbon qazının udulmasında, temperaturun tənzimlənməsində, su dövranının qorunmasında, torpaq eroziyasının qarşısının alınmasında və biomüxtəlifliyin saxlanılmasında əvəzsiz ekosistemlərdir. Meşə sahələrinin genişləndirilməsi həm də səhralaşma və torpaq deqradasiyası risklərinin azaldılmasına xidmət edir.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə meşə ekosistemlərinin bərpası istiqamətində bu Mərkəzin imkanlarından səmərəli istifadə olunmasını vacib hesab edirəm. Həmin ərazilərdə ekoloji tarazlığın bərpası, təbii landşaftların qorunması və yerli bitki örtüyünün yenidən formalaşdırılması uzunmüddətli və elmi yanaşma tələb edir.
Mərkəzin beynəlxalq statusu Azərbaycanın meşəçilik sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, elmi əməkdaşlığın genişləndirilməsi və regional təcrübə mübadiləsinin aparılması baxımından əlavə imkanlar yarada bilər. Eyni zamanda, meşəçilik sahəsində peşəkar kadrların hazırlanması, mütəxəssislərin bilik və bacarıqlarının artırılması gələcək nəticələrin davamlılığı üçün mühüm şərtdir.
Mənim fikrimcə, Mərkəzin fəaliyyətində yalnız ting istehsalına və ağacəkmə kampaniyalarına deyil, həm də əkilən ağaclara sonrakı qulluq və onların mühafizəsinə, sağqalma göstəricilərinə, meşə yanğınlarının qarşısının alınmasına və meşə ehtiyatlarının müntəzəm monitorinqinə xüsusi diqqət yetirilməlidir. Müasir texnologiyalardan, peyk müşahidələrindən, dronlardan və rəqəmsal monitorinq sistemlərindən istifadə bu sahədə idarəetmənin keyfiyyətini yüksəldə bilər.
Bununla yanaşı, vətəndaş cəmiyyəti institutlarının, ekoloji QHT-lərin, gənclərin və yerli icmaların bu prosesə cəlb edilməsi də vacibdir. Çünki meşələrin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Ekoloji maarifləndirmə və ictimai iştirakçılıq olmadan uzunmüddətli nəticələr əldə etmək çətindir.
Beləliklə, “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi”nin yaradılmasını Azərbaycanın ekoloji təhlükəsizliyinə, təbii sərvətlərinin qorunmasına və iqlim dəyişikliklərinə uyğunlaşma potensialının gücləndirilməsinə yönəlmiş mühüm investisiya hesab edirəm. Əsas məqsədimiz sadəcə daha çox ağac əkmək deyil, sağlam, dayanıqlı və gələcək nəsillərə miras qala biləcək meşə ekosistemləri formalaşdırmaq olmalıdır. Çünki meşəni qorumaq suyu, torpağı, havanı, biomüxtəlifliyi və insanın gələcəyini qorumaq deməkdir. Yaşıl gələcək bu gün əkdiyimiz tinglərdən deyil, onları necə qoruyub böyütməyimizdən asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB