Malların uyğunluq sertifikatı və bəyannaməsi ilə bağlı tələblər yenilənir

Malların uyğunluq sertifikatı və bəyannaməsi ilə bağlı tələblər yenilənir

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

SİA xəbər verir ki, dəyişikliklər malların təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsi və uyğunluğunun qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur.

Layihəyə əsasən, malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yarada biləcəyi təhlükənin dərəcəsi nəzərə alınmaqla texniki reqlamentlərdə təhlükəsizlik tələbləri müəyyən ediləcək.

Bundan başqa, uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması konkret mala dair təhlükəsizlik tələblərini əks etdirən texniki reqlamentdə göstəriləcək. Uyğunluq bəyannaməsi təsərrüfat subyekti tərəfindən tərtib ediləcək. Texniki reqlamentdə nəzərdə tutulduğu hallarda isə uyğunluğun təsdiqlənməsi üçün müvafiq qiymətləndirmə qurumunun cəlb edilməsi də tələb olunacaq.

Dəyişikliklərlə mövcud qanunvericilikdə işlədilən “risk səviyyəsi” ifadəsi “yarada biləcəyi təhlükənin dərəcəsi” anlayışı ilə əvəz olunur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə