“Karqo şirkətləri ünvan və təhvil qaydası dəyişikliklərini müştərilərə vaxtında bildirməlidir” -HÜQUQŞÜNAS
Karqo şirkətlərinin fəaliyyət ünvanını dəyişməsi və bu barədə əvvəlki müştərilərini məlumatlandırmaması sifarişlərin əldə olunmasında müəyyən çətinliklər yarada bilər. Müştərilər sifariş verərkən şirkətin sistemində qeyd olunan ünvana əsaslanırlar. Lakin məhsul ölkəyə çatana qədər karqo şirkətinin fəaliyyət yerini dəyişməsi müştərinin sifarişini vaxtında təhvil almasına mane ola bilər.
Bu fikirləri hüquqşünas Ramil Süleymanov SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, belə hallarda sifarişlərin gecikməsi, itməsi və müştərilərin əlavə xərclərlə üzləşməsi ehtimalı yaranır. Bu isə karqo şirkətlərinin müştərilər qarşısında öhdəliklərini və məlumatlandırma məsuliyyətini gündəmə gətirir.
Ramil Süleymanov qeyd edib ki, mülki hüquq münasibətlərində müqavilə tərəfləri öhdəliklərin icrasına təsir edə biləcək mühüm dəyişikliklər barədə qarşı tərəfi məlumatlandırmalıdırlar. Müqavilə bağlandıqdan sonra tərəflərdən birinin təqdim etdiyi məlumatlarda dəyişiklik baş verərsə, bu barədə digər tərəfə vaxtında məlumat verilməsi vacibdir.
Hüquqşünas vurğulayıb ki, karqo şirkətləri fəaliyyət ünvanlarını və ya sifarişlərin təhvil verilməsi qaydalarını dəyişdikdə müştəriləri SMS, elektron poçt və digər rəsmi kommunikasiya vasitələri ilə məlumatlandırmalıdırlar. Bildirişin vaxtında göndərilməməsi müştərinin zərərə məruz qalmasına səbəb olarsa, şirkətin məsuliyyəti məsələsi yarana bilər.
O bildirib ki, karqo şirkətləri müştərilərlə münasibətlərdə şəffaflığı qoruyaraq fəaliyyət ünvanında və xidmət qaydalarında baş verən dəyişiklikləri əvvəlcədən bildirməlidirlər. Müştərilərin sifarişlərini rahat və vaxtında əldə etməsi üçün məlumatlandırma mexanizmlərinin düzgün qurulması mühüm əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB