Son onilliklərdə uşaqlar arasında allergik xəstəliklərin, o cümlədən atopik dermatit, qida allergiyası, allergik rinit və bronxial astmanın yayılması artıb. Erkən yaşlarda başlayan allergik xəstəliklər sonrakı dövrlərdə digər allergik problemlərlə müşayiət oluna bilər. Mütəxəssislər bu prosesi “allergik marş” adlandırırlar.
Bu fikirləri SİA-ya açıqlamasında Respublika Pediatriya Mərkəzinin allerqoloq-immunoloqu Röyalə Babayeva bildirib.
Onun sözlərinə görə, valideynlərin uşaqlarla bağlı ən çox şikayət etdiyi əlamətlərdən biri isə gecələr artan quru və qıcıqlandırıcı öskürəkdir:
”Belə öskürək allergik xəstəliklərlə yanaşı, müxtəlif tənəffüs yolları problemlərinin də göstəricisi ola bilər.
Allergik xəstəliklərin artmasının əsas səbəbləri arasında genetik meyillilik, ətraf mühitin çirklənməsi, mikrobiomun dəyişməsi, qapalı məkanlarda allergenlərlə təmas və müasir həyat tərzi xüsusi yer tutur. Hava çirklənməsi, tütün və elektron siqaret tüstüsü, ev tozu gənələri, kif göbələkləri, eləcə də bəzi kimyəvi təmizləyici vasitələr uşaqlarda allergik reaksiyaların yaranmasına və ağırlaşmasına təsir göstərə bilər.
Gecə öskürəyinin artması isə bir neçə amillə əlaqələndirilir. Yuxu zamanı bədənin üfüqi vəziyyətdə olması burun-udlaqdan seliyin boğaza axmasına, mədə-qida borusu reflüksünün güclənməsinə səbəb ola bilər. Eyni zamanda, uşağın uzun müddət yataq dəsti, yastıq və döşəklə təmasda olması ev tozu gənələrinə məruz qalma riskini artırır.
Bronxial astma, xüsusilə öskürək variantlı astma, gecələr və səhər saatlarında artan quru öskürəyin əsas səbəblərindən biridir. Bu zaman uşaqda xırıltı və ya nəfəs darlığı olmaya, öskürək yeganə əlamət kimi müşahidə edilə bilər. Allergik rinit və burun-udlaqdan selik axıntısı da gecə öskürəyini gücləndirən amillərdəndir.
Bundan başqa, virus infeksiyalarından sonra tənəffüs yollarında yaranan həssaslıq, ev heyvanlarının allergenləri, otaqdakı kif və nəm, eləcə də tüstü və kəskin qoxular öskürəyə səbəb ola bilər.
Allergiyaya meyilli uşaqların qorunması üçün yataq otağının təmiz saxlanılması, yataq dəstlərinin müntəzəm yuyulması, otağın havalandırılması və rütubətin uyğun səviyyədə qorunması vacibdir. Evdə siqaret və elektron siqaret tüstüsünə yol verilməməli, güclü qoxulu təmizləyici vasitələrdən istifadə məhdudlaşdırılmalıdır.
Atopik dermatiti olan uşaqlarda dərinin gündəlik nəmləndirilməsi, ətirli və qıcıqlandırıcı vasitələrdən uzaq durulması da tövsiyə olunur. Allergen qidaların uşağın qidalanmasına vaxtında və həkim məsləhəti ilə daxil edilməsi, antibiotiklərin yalnız həkim təyinatı ilə istifadəsi və peyvənd təqviminə əməl olunması da sağlamlığın qorunmasında əhəmiyyətlidir.
Gecə öskürəyi 3–4 həftədən çox davam edərsə, uşağı yuxudan oyadarsa, fiziki aktivlik və ya soyuq hava ilə artarsa, həkimə müraciət etmək lazımdır. Uşaqda nəfəs almaqda çətinlik, dodaqlarda göyərmə və ya qəfil boğulma əlamətləri yaranarsa, təcili tibbi yardım çağırılmalıdır.
Həkimin sözlərinə görə, uşaqlarda allergik xəstəliklərin artması genetik meyilliliklə yanaşı, müasir həyat tərzi və ətraf mühit amilləri ilə bağlıdır. Gecə artan quru öskürək isə astma, allergik rinit, daxili allergenlər və infeksiyadan sonrakı tənəffüs yolları həssaslığı ilə əlaqəli ola bilər.
Röyalə Babayeva qeyd edib ki, vaxtında diaqnoz, düzgün müalicə və allergenlərdən qorunma tədbirləri uşaqların allergik xəstəliklərinə nəzarət etməyə və onların aktiv həyat sürməsinə imkan yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB