“Qara cümə”də kim qazanır: mağazalar, yoxsa alıcılar? - EKSPERT AÇIQLADI

“Qara cümə”də kim qazanır: mağazalar, yoxsa alıcılar? - EKSPERT AÇIQLADI

Hər il noyabr ayında keçirilən “Qara cümə” (Black Friday) endirim kampaniyaları alıcıların böyük marağına səbəb olur. Mağazaların 30, 50, hətta 70 faizlik endirim vədləri istehlakçıları alış-verişə təşviq etsə də, bu kampaniyaların nə dərəcədə sərfəli olması suallar doğurur. Xüsusilə bəzi məhsulların qiymətlərinin əvvəlcədən süni şəkildə artırılması, daha sonra isə endirim adı altında satışa çıxarılması ehtimalı istehlakçıların narahatlığına səbəb olur.

Bəs “Qara cümə” həqiqətən qənaət etmək üçün əlverişli fürsətdir, yoxsa alıcıları daha çox pul xərcləməyə sövq edən marketinq strategiyası? Vətəndaşlar saxta endirimlərdən necə qoruna bilərlər?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, “Qara cümə” kampaniyaları şirkətlərin könüllü şəkildə həyata keçirdiyi marketinq aksiyalarıdır və əsas məqsəd satış həcmini artırmaqdır:

"Sahibkarlar bu kampaniyalarda iştirak etməklə həm yeni müştərilər qazanmağa, həm də bazardakı mövqelərini gücləndirməyə çalışırlar. Qara cümə şirkətlərin könüllü satış kampaniyasıdır. Heç bir sahibkarın bu aksiyada iştirak etmək məcburiyyəti yoxdur. Şirkətlər öz marketinq və bazar strategiyalarına uyğun olaraq endirimlər elan edirlər. Burada əsas məqsəd yeni müştərilərin cəlb edilməsi, şirkətin tanınmasının artırılması, əvvəlki mövsümlərdən qalan məhsulların satılması və anbarların boşaldılmasıdır. Eyni zamanda, müəssisələr bu yolla satış dövriyyəsini artırmağa çalışırlar. Böyük endirimlərin maliyyələşdirilməsi də şirkətlərin əvvəlcədən müəyyənləşdirdiyi strategiyanın tərkib hissəsidir. Adətən şirkətlər ilin əvvəlindən marketinq büdcələrində bu cür kampaniyalar üçün müəyyən vəsait nəzərdə tuturlar. Digər tərəfdən, qısa müddətdə satış həcminin kəskin artırılması sabit xərclərin məhsul vahidinə düşən payını azaltmağa və daha çox mənfəət əldə etməyə imkan yarada bilər. Buna görə də “Qara cümə” kampaniyaları uzunmüddətli deyil, əsasən bir neçə günlük satış aksiyası şəklində həyata keçirilir.

Endirim kampaniyaları istehlakçılar üçün də real qənaət imkanı yarada bilər. Lakin əsas şərt alınan məhsulun həqiqətən ehtiyaca uyğun olmasıdır. Alıcılar bu fürsətlərdən düzgün istifadə etməlidirlər. Əgər vətəndaş ehtiyacı olan keyfiyyətli məhsulu daha münasib qiymətə əldə edirsə, bu, onun üçün əlverişli imkandır. Ancaq endirim adı altında satılan məhsulun keyfiyyəti və qanunvericiliyin tələblərinə uyğunluğu mütləq təmin edilməlidir. Məhsulun qiymətinin aşağı salınması onun istifadə müddətinin keçməsinə və ya keyfiyyət standartlarına cavab verməməsinə haqq qazandırmır.

Belə kampaniyalar yalnız şirkətlər və istehlakçılar üçün deyil, ümumilikdə iqtisadi fəallıq baxımından da əhəmiyyət daşıyır. Əhalinin alış-verişə yönəltdiyi vəsaitin artması ticarət dövriyyəsini canlandırır, müəssisələrin gəlirlərinin yüksəlməsinə və gələcək investisiya imkanlarının genişlənməsinə şərait yaradır.

Şirkətlərin satışının, dövriyyəsinin və gəlirliliyinin artması iqtisadiyyat üçün vacibdir. Müəssisələrin maliyyə imkanları genişləndikcə yeni investisiyalara və digər xərclərə vəsait ayırmaq imkanları da artır. Lakin unutmaq olmaz ki, “Qara cümə” kommersiya məqsədli kampaniyadır. Heç bir şirkət bu prosesə bilərəkdən zərər etmək üçün qoşulmur. Həm sahibkar, həm də istehlakçı öz maraqlarına uyğun şəkildə kampaniyadan faydalanmağa çalışır. Xüsusi olaraq saxta endirimlər və istehlakçıların aldadılması məsələsinə diqqət çəkib. Kampaniyaların keçirilməsi zamanı sahibkarlar qanunvericiliyin, o cümlədən haqsız rəqabətlə bağlı tələblərinə əməl etməlidirlər. Burada ən vacib məsələ “Qara cümə” adı altında vətəndaşların aldadılmasına yol verilməməsidir. Sahibkarlar Rəqabət Məcəlləsinin haqsız rəqabətlə bağlı tələblərini nəzərə almalıdırlar. Müvafiq dövlət qurumu tərəfindən bazarda monitorinqlər aparılır. İstehlakçıları yalan və aldadıcı məlumatlarla alış-verişə cəlb etmək qanun pozuntusudur”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə