"İtaliya ilə əməkdaşlıq yerli istehsal və ixracı genişləndirə bilər" - İQTİSADÇI
"İtaliya ilə iqtisadi əməkdaşlığın genişlənməsi Azərbaycan sahibkarları və yerli istehsal üçün yeni imkanlar yaradır. Belə ki, İtaliya sənaye maşınqayırması, mühəndislik, qida emalı və innovativ texnologiyalar sahəsində böyük təcrübəyə malik ölkədir".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

İqtisadçı qeyd edib ki, hesab edirəm ki, bu təcrübənin Azərbaycana gətirilməsi yerli müəssisələrin modernləşməsinə, məhsuldarlığın yüksəldilməsinə və rəqabətqabiliyyətli istehsalın artırılmasına müsbət təsir göstərə bilər:
"Əsasən metallurgiya, tikinti materialları, kənd təsərrüfatı məhsullarının emalı, əczaçılıq və rəqəmsal texnologiyalar sahələrində birgə müəssisələrin yaradılması üçün perspektivlər mövcuddur.Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan İtaliya vasitəsilə Avropa bazarındakı mövqeyini genişləndirmək və möhkəmləndirmək imkanı əldə edir. Belə ki, İtaliya şirkətləri ilə tərəfdaşlıq yerli istehsalçıların beynəlxalq təchizat zəncirinə inteqrasiyasını sürətləndirə bilər. Fikrimcə, bu əməkdaşlığın əsas iqtisadi nəticəsi təkcə ticarət dövriyyəsinin artması deyil, həm də Azərbaycanda yeni istehsal müəssisələrinin yaradılması, qeyri-neft ixracının genişlənməsi və məhsullarımızda yerli əlavə dəyərin yüksəlməsi ola bilər.
Əlbəttə ki, əsas məqsəd Azərbaycanı yalnız enerji resursları ixrac edən ölkə kimi deyil, həm də yüksək əlavə dəyər yaradan sənaye və istehsal mərkəzi kimi tanıtmaqdır. Hesab edirəm ki, İtaliya ilə əməkdaşlığın uğurunun əsas göstəriciləri imzalanan müqavilələr və ticarət dövriyyəsinin həcmi ilə yanaşı, Azərbaycanda yaradılan yerli istehsal gücləri, açılan iş yerləri, texnologiya transferi və qeyri-neft ixracının artımı olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB