"Yeni Konstitusiya layihəsi Ermənistanın siyasi kursunda dəyişiklikdən xəbər verir" - POLİTOLOQ DANIŞDI

"Yeni Konstitusiya layihəsi Ermənistanın siyasi kursunda dəyişiklikdən xəbər verir" - POLİTOLOQ DANIŞDI

"Ermənistanın 23 noyabr 2026-cı ildə yeni Konstitusiya layihəsini ictimai müzakirəyə təqdim etməsi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün hüquqi əsaslarının formalaşdırılması baxımından əhəmiyyətli siyasi hadisədir. Xüsusilə layihənin preambulasından 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması diqqət çəkir. Çünki həmin bəyannamədə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsinə dair müddəalar yer alır və biz haqlı olaraq bu sənədə konstitusion istinadı Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların hüquqi-siyasi əsası kimi qiymətləndiririk".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, bu baxımdan, yeni layihə Ermənistanın dövlətçilik fəlsəfəsində münaqişə irsindən uzaqlaşmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülhə əsaslanan siyasi modelə keçmək niyyətinin göstəricisi kimi təqdim olunur:

"Məsələnin əsas əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan uzun müddətdir Ermənistanla sülh müqaviləsinin imzalanması üçün konstitusion iddiaların aradan qaldırılmasını vacib şərtlərdən biri kimi irəli sürür. Ermənistanın yeni Konstitusiya layihəsində bu istiqamətdə dəyişiklik nəzərdə tutulması rəsmi Bakının narahatlıqlarının nəzərə alınması baxımından müsbət siyasi siqnaldır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da layihəni müsbət qiymətləndirərək, həmin maneənin aradan qaldırılmasından sonra sülh müqaviləsinin imzalanması üçün imkanların genişlənəcəyini bildirib. Baş nazir Nikol Paşinyan isə yeni Konstitusiyanın qəbulunu davamlı və institusional sülhün təminatlarından biri kimi təqdim edir.

Bununla belə, prosesin qarşısında müəyyən siyasi və hüquqi çətinliklər qalmaqdadır. İlk növbədə, ictimai müzakirəyə çıxarılan layihə hələ qüvvəyə minmiş Konstitusiya deyil. Onun referendum mərhələsinə çatması üçün parlamentdə tələb olunan səs çoxluğu təmin edilməlidir. Paşinyanın rəhbərlik etdiyi hakim qüvvənin parlamentdə 64 mandatı var, referendumun keçirilməsi üçün isə 105 deputatdan ən azı 70-nin dəstəyi tələb olunur. Müxalifət qüvvələrinin layihəyə qarşı çıxması prosesin daxili siyasi mübarizənin predmetinə çevrildiyini göstərir. Bu səbəbdən layihənin taleyi yalnız Azərbaycanla münasibətlərdən deyil, Ermənistan cəmiyyətində siyasi konsensusun formalaşmasından da asılı olacaq.

Digər mühüm məqam ondan ibarətdir ki, konstitusion dəyişikliklər sülh prosesinin hüquqi təminatını gücləndirsə də, özlüyündə bütün problemləri həll etmir. Sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının açılması və təhlükəsizlik təminatları üzrə praktiki addımlar da vacibdir. Başqa sözlə əldə olunmuş razılaşmaların konkret hüquqi və institusional mexanizmlərlə möhkəmləndirilməsi vacib şərtdir.

Düşünürəm ki, Ermənistanın yeni Konstitusiya layihəsi Cənubi Qafqazda münaqişədən sonrakı mərhələnin formalaşması baxımından mühüm siyasi fürsət yaradır və Ermənistan bu fürsətdən yararalanmalıdır. Çünki indiki mərhələdə sülh ilk növbəti Ermənistanın özünə lazımdır. Əsas məsələ siyasi bəyanatların konkret hüquqi qərarlara və praktiki öhdəliklərə çevrilməsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə