"Azərbaycan azad edilmiş ərazilərin bərpasını öz daxili imkanları hesabına həyata keçirir" - POLİTOLOQ
"Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yaranmış geosiyasi vəziyyət həm daxili, həm də xarici siyasətdə özünü göstərməkdədir. Daxili siyasətdə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması dövlətin strateji məqsədlərindən biridir. Çünki Ermənistan bu əraziləri otuz ilə yaxın işğal altında saxlamış, işğal dövründə daşı daş üstündə qoymamış və əraziləri talan etmişdi. Artıq işğaldan azad edilmiş ərazilər mina terroru ilə üz-üzə qalıb".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
Onun sözlərinə görə, bu ərazilərdə yenidənqurma işlərini aparmaq üçün mütləq şəkildə minaların təmizlənməsi prosesi həyata keçirilməlidir. Bu, kompleks məsələdir və onu qısa müddətdə aradan qaldırmaq real deyil. Buna baxmayaraq, Prezident İlham Əliyev qarşıya qoyulan vəzifələri qısa müddətdə həyata keçirmək üçün dövlətin bütün qurumlarını səfərbər edərək bu istiqamətdə işlərin icrası ilə bağlı göstərişlər verib. Proseslər onun nəzarəti altında həyata keçirilir:
"İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri aparılır. Əhalinin geri qayıdışını təmin etmək üçün sıfırdan infrastruktur yaradılır. Küçələrin və yolların çəkilməsi, məktəblərin, bağçaların, xəstəxanaların və digər sosialyönümlü obyektlərin inşası sürətlə davam edir. Bu işlər yüksək səviyyədə, dünya standartlarına uyğun şəkildə icra olunur. Hər bir rayonun özünəməxsus relyefi və problemləri var. İşğaldan azad edilmiş ərazilərə vəsaitin ayrılması və yenidənqurma işləri Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir. Bu isə müəyyən zaman tələb edir. Azərbaycan dövləti yaranmış vəziyyəti nəzərə alaraq, həmin bölgələrdə yaşayan əhalinin geri qayıdış proqramını reallaşdırmaq üçün həm sosial, həm də iqtisadi sahədə ardıcıl işlər görür. Əhalinin geri qayıdışı yalnız evlərin tikilib təhvil verilməsi ilə məhdudlaşmır. Vətəndaşların geri dönməsi üçün yeni iş yerlərinin açılması da vacibdir. Bu isə iqtisadi sahədə islahatların aparılmasını və yeni investisiyaların cəlb edilməsini tələb edir.
Azərbaycan daxili siyasətini xarici siyasətlə uzlaşdırır. Xaricdən Azərbaycana investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin açılması işğaldan azad edilmiş ərazilərə vətəndaşların qayıdışına mühüm stimul verir. Yeni iş yerlərinin açılması üçün investisiyalar cəlb edilməli, investisiyaların ölkəyə gəlməsi üçün isə Azərbaycanda daxili sabitlik və təhlükəsizlik təmin olunmalıdır. Sabit cəmiyyətdə investisiyaların qorunmasına və təhlükəsizliyinə zəmanət verilir. Azərbaycan Prezidentinin həyata keçirdiyi kompleks siyasət geri qayıdış proqramında da öz əksini tapır. Yenidənqurma işlərinin aparılması, infrastrukturun bərpası, sosial vəziyyətin yaxşılaşdırılması və iqtisadi inkişafın təmin edilməsi üçün xarici və daxili siyasətin vəhdəti qurulmalıdır. Bu vəhdət artıq özünü göstərir. İşğaldan azad edilmiş ərazilərdə qısa müddətdə kompleks bərpa və quruculuq işlərinin aparılması üçün qeyd olunan amillər xüsusi əhəmiyyət daşıyır.
Sosial sahədə də ciddi işlər görülür. Burada həm yeni iş yerlərinin yaradılması, həm də əhalinin rahatlığının və sosial vəziyyətinin yaxşılaşdırılması üçün infrastrukturun bərpası böyük önəm daşıyır. Kəndlərdə və rayon mərkəzlərində mədəniyyət evlərinin tikilməsi, əhalinin istirahətinin təmin edilməsi üçün parkların salınması da bu siyasətin tərkib hissəsidir. Xüsusilə, iqtisadi sahədə işğaldan azad edilmiş ərazilərin bərpasından sonra yeni iş yerlərinin açılması və investisiyaların yatırılması üçün güzəştli şəraitin yaradılması iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu proses İqtisadiyyat Nazirliyinin nəzarəti altında həyata keçirilir. Aparılan bütün işlər Prezidentin diqqət mərkəzindədir. Prezidentin bölgələrə səfərləri, işlərin gedişinə birbaşa nəzarəti, əhali ilə və geri qayıdış proqramı çərçivəsində köçürülən sakinlərlə görüşləri məhz bu məqsədə xidmət edir. Dövlət vətəndaşların taleyinə biganə deyil. İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşların həyat tərzi ölkə başçısının nəzarətindədir.
Bu proses zaman tələb edir və kompleks şəkildə bütün rayonlarda davam etdirilir. Təbii ki, hər bir rayonun coğrafi şəraiti, relyefi və təbii xüsusiyyətləri nəzərə alınmaqla müvafiq işlər görülür. İqtisadi sahədə investisiyaların yatırılması da hər bir rayonun özünəməxsus xüsusiyyətlərinə uyğun şəkildə həyata keçirilir. Bu, uzunmüddətli prosesdir və Prezidentin daimi diqqəti və nəzarəti altında ardıcıl dövlət siyasəti kimi davam etdirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB