“Vaşinqtonun mövqeyi NATO-da siyasi və hərbi koordinasiyanın gələcəyinə təsir göstərəcək” - ŞƏRH

“Vaşinqtonun mövqeyi NATO-da siyasi və hərbi koordinasiyanın gələcəyinə təsir göstərəcək” - ŞƏRH

“NATO ilə Rusiya arasında mövcud gərginliyin əsas səbəbi Rusiya ilə Qərb arasında Ukrayna müharibəsi ətrafında formalaşmış strateji qarşıdurmadır”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Moskva NATO-nun şərq cinahında hərbi imkanlarını genişləndirməsini öz təhlükəsizliyinə təhdid kimi təqdim edir:

” NATO isə Rusiyanın Ukraynaya qarşı müharibəsini və alyans ölkələrinə yönələn hibrid fəaliyyətlərini Avropa təhlükəsizliyinə birbaşa risk hesab edir. Bu qarşılıqlı etimadsızlıq hər iki tərəfin hərbi hazırlıq səviyyəsini artırmasına, nəticədə isə yeni insidentlərin baş verməsi ehtimalının yüksəlməsinə şərait yaradır.
Diqqətçəkən məqamlardan biri də qarşıdurmanın artıq yalnız Ukrayna cəbhəsi ilə məhdudlaşmamasıdır. Baltik regionunda, Polşa sərhədində və Şimali Avropada baş verən hadisələr NATO üzvlərinin təhlükəsizlik narahatlıqlarını artırır. Sentyabrda NATO-nun Avropadakı ali müttəfiq qüvvələrinin komandanı general Aleksus Qrinkeviç alyansın Rusiya ilə əlaqələndirilən insidentlərə cavab olaraq kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirdiyini açıqlamışdı.
Digər mühüm təhlükə nüvə ritorikasının güclənməsidir. Moskva NATO-nun Kalininqrad vilayətini blokadaya almağa cəhd göstərəcəyi təqdirdə nüvə silahından istifadə imkanını istisna etmədiyini bəyan edib və bu barədə NATO-ya diplomatik xəbərdarlıq da göndərib. Belə bəyanatlar bir tərəfdən Qərbin hərbi addımlarını məhdudlaşdırmağa hesablanmış çəkindirmə vasitəsi, digər tərəfdən isə yanlış hesablamalar nəticəsində qarşıdurmanın daha təhlükəli mərhələyə keçməsi riski yaradır.
Bununla belə, NATO ilə Rusiya arasında birbaşa genişmiqyaslı müharibənin qaçılmaz olduğunu söyləmək düzgün olmazdı. Hər iki tərəf belə qarşıdurmanın iqtisadi, hərbi və siyasi nəticələrini nəzərə alır. Lakin əsas təhlükə nəzarətdən kənar eskalasiya, xüsusilə hava və dəniz məkanında baş verən insidentlərin yanlış qiymətləndirilməsi nəticəsində tərəflərin qarşılıqlı hərbi cavab vermək məcburiyyətində qalmasıdır.
Düşünürəm ki, qarşıdakı dövrdə NATO-Rusiya münasibətlərində üç istiqamət əsas rol oynayacaq: Ukrayna müharibəsinin gedişi, alyansın şərq cinahında müdafiə imkanlarının gücləndirilməsi və ABŞ-ın Avropa təhlükəsizliyinə münasibəti. Avropa dövlətləri öz müdafiə potensiallarını artırmağa çalışarkən, Vaşinqtonun mövqeyi NATO daxilində siyasi və hərbi koordinasiyanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyacaq”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə