Mərkəzi Bank ölkənin güclü makroiqtisadi təhlükəsizlik buferinə malik olduğunu bildirib - QURUMDAN AÇIQLAMA

Mərkəzi Bank ölkənin güclü makroiqtisadi təhlükəsizlik buferinə malik olduğunu bildirib - QURUMDAN AÇIQLAMA

Azərbaycanın strateji valyuta ehtiyatlarının artması ölkənin xarici şoklara qarşı dayanıqlılığını gücləndirir. Əlverişli xarici sektor göstəriciləri fonunda valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir. Əmanətlərin dollarlaşma səviyyəsində azalma meyli də manata inamın yüksək olduğunu göstərir.

Bu fikirlər Azərbaycan Respublikası Mərkəzi Bankından SİA-nın sorğusuna cavab olaraq bildirilib.

Mərkəzi Bankdan bildirilib ki, 2026-cı ilin ötən dövründə keçirilən valyuta hərraclarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. İlin 10 ayı ərzində mübadilə məntəqələri tərəfindən müştərilərdən alınan nağd xarici valyutanın həcmi satış həcmini 884 milyon ABŞ dolları üstələyib.

Qeyd olunub ki, 2026-cı ilin 10 ayında strateji valyuta ehtiyatları 4,1 faiz artaraq 88,6 milyard ABŞ dollarına çatıb. Ehtiyatların mövcud səviyyəsi 40 aylıq mal və xidmət idxalını qarşılamağa kifayət edir və M2 pul aqreqatını 3,3 dəfə üstələyir.

Mərkəzi Bank vurğulayıb ki, bu göstəricilər ölkənin güclü makroiqtisadi təhlükəsizlik buferinə malik olduğunu nümayiş etdirir.

Əmanətlərin dollarlaşma səviyyəsinin azalması da davam edir. Son 12 ayda rezident fiziki şəxslərin əmanətləri üzrə dollarlaşma 3,3 faiz bəndi azalaraq 25,2 faizə enib.

Bununla yanaşı, qeyri-rezidentlərin manatla yerləşdirdikləri əmanətlərin payı illik müqayisədə 6,1 faiz bəndi artaraq 2026-cı ilin oktyabrında 45,9 faizə çatıb.

Mərkəzi Bankdan bildirilib ki, əmanətlərin sığortalanması mexanizmi manatla yığımların cəlbediciliyini artırır. Belə ki, manatla sığortalanan əmanətlər üzrə faiz həddi xarici valyutada sığortalanan əmanətlərə nisbətən daha yüksəkdir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə