Azərbaycanın strateji hədəfləri Avrasiyanın geoiqtisadi xəritəsini dəyişir - DEPUTAT
"Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın strateji hədəflərinin mərhələli şəkildə reallaşması regionun inkişaf perspektivlərini müəyyənləşdirən mühüm amilə çevrilib".
Bu sözləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, şübhəsiz, tarixi Zəfərimizdən sonra günümüzün əsas müzakirə mövzularından olan Zəngəzur dəhlizinin həyata vəsiqə alması ölkəmizin regionda və dünyada artan nüfuzuna öz müsbət təsirini göstərəcək:
"Bu baxımdan Azərbaycan dövlətinin Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atdığı son addımlar xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev tarixi Zəfərimizlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə bu çağırışı edirdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Azərbaycan Prezidentinin bu tələbi ötən ilin avqust ayında Vaşinqtonda keçirilən görüşdə Ermənistan tərəfindən qəbul edildi. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi təsdiq olundu.
.jpg)
Bu layihənin artıq praktiki icra mərhələsinə keçməsi Azərbaycanın ardıcıl və prinsipial siyasətinin, Prezident İlham Əliyevin qətiyyətli və yenilməz siyasi iradəsinin növbəti mühüm nəticəsidir. Noyabrın 23-də ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın videomüraciətlə çıxış edərək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsinin praktiki mərhələsinin başlandığını elan etmələri region üçün yeni mərhələnin əsasını qoydu. Bundan əvvəl, noyabrın 6-da Azərbaycan, ABŞ və Ermənistan arasında texniki planlaşdırma qruplarının fəaliyyətə başlaması, nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətləri üzrə işçi qruplarının yaradılması layihənin həyata keçirilməsi üçün zəruri mexanizmlərin formalaşdırıldığını təsdiqləyir. Bu prosesdə diqqət çəkən mühüm məqamlardan biri ABŞ Prezidenti Donald Trampın videomüraciətində Azərbaycan Prezidenti İlham Əliyevin sülh prosesinə və TRIPP layihəsinin reallaşmasına verdiyi töhfəni xüsusi vurğulaması oldu. Bu, Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin regionda sülhün və əməkdaşlığın təmin olunması istiqamətində nümayiş etdirdiyi siyasi iradənin beynəlxalq səviyyədə də təqdir edildiyini göstərir. Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həm də yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasına mühüm təsir göstərən əsas aktorlardan birinə çevrilmişdir. Dövlət başçısının milli maraqlara əsaslanan müstəqil siyasəti, prinsipial mövqeyi və müdrik diplomatik fəaliyyəti ölkəmizin strateji hədəflərinə çatmasında həlledici rol oynayır.
Milli Məclisin deputatı qeyd edib ki, noyabrın 24-də Prezident İlham Əliyevin Türkiyənin İğdır şəhərində keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə səsləndirdiyi fikirlər də məsələnin regional və beynəlxalq əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir. Bu yanaşma Azərbaycanın məsələyə yalnız milli nəqliyyat ehtiyacları çərçivəsində deyil, daha geniş regional və qlobal əməkdaşlıq perspektivindən yanaşdığını göstərir.
Əslində, Zəngəzur dəhlizinin əhəmiyyəti təkcə onun coğrafi mövqeyi və iqtisadi imkanları ilə ölçülmür. Bu layihə Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni reallıqların nəqliyyat-kommunikasiya müstəvisində möhkəmləndirilməsi, ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqənin təmin olunması və Türk dünyasının inteqrasiyasının dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, bu marşrut Şərqlə Qərb arasında yeni bağlantı imkanları yaradaraq Mərkəzi Asiya, Xəzər hövzəsi, Türkiyə və Avropa arasında yükdaşımaların genişlənməsinə şərait yaradacaq. Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəlməsi, tranzit imkanlarının şaxələndirilməsi, yeni investisiyaların cəlb edilməsi və regional ticarətin genişlənməsi layihənin mühüm iqtisadi nəticələri sırasında olacaq. Azərbaycanın bu məsələdə mövqeyi əvvəldən aydın və prinsipial olub. Ölkəmiz regionda bütün nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasının, qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi, o cümlədən nəqliyyat siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən əsas logistika qovşağı kimi mövqeyini möhkəmləndirib. Azərbaycan bu layihədə mərkəzi rol oynayır. Ölkəmiz təkcə mühüm logistika və nəqliyyat qovşağı deyil, həm də regional mərkəz funksiyasını yerinə yetirir. Azərbaycan Türk dünyasının və Orta Dəhlizin əsas strateji nöqtələrindən biridir. Şərqdən Qərbə uzanan Orta Dəhliz, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi məhz ölkəmizin ərazisində kəsişir. Bu isə Azərbaycanın Avrasiya məkanında reallaşdırılan beynəlxalq nəqliyyat və logistika layihələrində müstəsna strateji əhəmiyyətə malik olduğunu göstərir. Azərbaycan əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti sayəsində Orta Dəhlizin əsas iştirakçılarından birinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, yenilənən avtomobil və dəmir yolu şəbəkələri ölkəmizin qlobal tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Şübhəsiz, Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın beynəlxalq nəqliyyat sistemində mövqeyini daha da gücləndirəcək, ölkəmizin tranzit və logistika imkanlarını genişləndirəcək, eyni zamanda, Cənubi Qafqazda davamlı sülhün iqtisadi əsaslarını möhkəmləndirəcək. Zəngəzur dəhlizi Avrasiya məkanının, eyni zamanda, Cənubi Qafqazın geoiqtisadi xəritəsini dəyişdirmək potensialına malikdir. Bu, yüklərin çatdırılma məsafələrinin və müddətlərinin azaldılması və son nəticədə Orta Dəhlizin səmərəliliyinin artırılması sayəsində mümkün olacaq. Zəngəzur dəhlizi, həmçinin Mərkəzi Asiya ilə Avropa arasında yükdaşıma təchizatı zəncirlərinin çevikliyinin təmin edilməsi deməkdir. Bu dəhliz region ölkələrinin yaxınlaşması və qarşılıqlı inteqrasiyası amilinə çevriləcək, regionda siyasi əlaqələrin genişlənməsinə, etimad mühitinin möhkəmlənməsinə güclü təkan verəcək. Bu dəhliz, eyni zamanda, böyük coğrafi ərazidə ticarətin genişləndirilməsinə müsbət təsir göstərəcək.
Millət vəkili bildirib ki, Zəngəzur dəhlizi (TRIPP layihəsi) Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinin, Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasətinin və regionda yeni əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində apardığı ardıcıl fəaliyyətin mühüm nəticəsidir. Ən əsası, Azərbaycan Vətən müharibəsində qazandığı tarixi Zəfərlə yaratdığı yeni reallıqları bu gün diplomatik, iqtisadi və nəqliyyat müstəvisində möhkəmləndirir. Zəngəzur dəhlizinin açılması da bu tarixi prosesin mühüm tərkib hissəsi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB