"Bu sazişin imzalanmasının qarşısında duran əsas amillərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.
.jpg)
Onun sözlərinə görə, Azərbaycan tərəfindən bu məsələ həm prezident, həm xarici işlər naziri, həm də digər yüksək vəzifəli şəxslər səviyyəsində dəfələrlə bəyan edilib:
"Hazırda Paşinyan bu istiqamətdə bir təşəbbüs irəli sürür. Söhbət Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir. Yeni konstitusiya layihəsi artıq açıqlanıb və bu mərhələdə Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, yeni konstitusiya qəbul olunarsa, ərazi iddiaları orada yer almayacaq və beləliklə, sülh sazişinin imzalanması qarşısındakı əsas problemlərdən biri aradan qalxmış olacaq.
Amma digər problemli məsələlər də var. Bunlardan biri sərhədlərin delimitasiyası və demarkasiyası prosesidir. Bu prosesin də tamamlanmasını gözləməli olacağıq. Ancaq bu, o qədər də ziddiyyətli və problemli məsələ deyil. Hər halda, əgər konstitusiya dəyişərsə, bu dəyişiklikdən qısa müddət sonra, bir neçə ay ərzində Azərbaycan-Ermənistan sərhədinin başdan-başa delimitasiya və demarkasiyasının da tamamlanması mümkündür.
Tərəflər bunun üçün, əlbəttə ki, komissiyalar yaradıblar. Müvafiq komissiyalar mövcuddur, sənədlər, yanaşmalar və bürokratik prosedurlar var. Bunlar tamamlana bilər və bu istiqamətdə ciddi problemli məsələnin qalmayacağı ehtimal olunur.
Ancaq indi burada əsas sual nədir? Paşinyan yeni konstitusiya layihəsini təqdim etdi. Mən hesab edirəm ki, parlament bu yeni layihəni qəbul edəcək. Mənə elə gəlir ki, Ermənistan müxalifəti sırf Azərbaycanla münasibətlərin bərpası fonunda bu məsələdən əl çəkmək niyyətində olmayacaq. Ən azı, mən belə düşünürəm.
Belə olan halda referendum keçirilməsi zərurəti yarana bilər. Yəni Paşinyan parlamenti buraxsa, istefa versə və yeni seçkilərə getsə, əhali bu dəfə Paşinyanın qalib gəlməsi üçün seçkilərdə hakim partiyanın daha çox səs toplamasına dəstək verəcəkmi? Konstitusiya dəyişikliyi üçün tələb olunan çoxluğu əldə etmək məqsədilə Paşinyan tərəfdarlarının sayı artacaqmı?
Axı biz bunu da bilmirik ki, Ermənistan cəmiyyətində tarixi şovinist ideyalardan, köklü düşüncələrdən və yanaşmalardan nə dərəcədə uzaqlaşıblar. Bu baxımdan mən tərəddüd edirəm. Çünki Ermənistan cəmiyyətini, xüsusilə də sosial şəbəkələri və Ermənistan mediasını izlədikdə görürük ki, şovinizm duyğuları hələ də qalmaqdadır.
Bütün bunlar fonunda belə nəticəyə gəlmək olur ki, hələlik yeni konstitusiya layihəsi təqdim olunsa da, istər Ermənistan müxalifəti, istərsə də Ermənistan əhalisinin böyük bir hissəsi buna hazır deyil. Ona görə də hazırda əsas problem konstitusiya layihəsinin ortaya qoyulması deyil, onun təsdiqlənməsi məsələsidir.
Konstitusiya təsdiqləndikdən sonra biz artıq sülh quruculuğu istiqamətindəki maneələrin aradan qalxmasından danışa bilərik. Bu kontekstdə Ermənistanın siyasi-hüquqi öhdəlikləri və Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın mövqeyi aydındır, dəyişməyib və dəyişməyəcək də. Azərbaycan öz haqlarını və hüquqlarını tələb edir. Ermənistanın siyasi-hüquqi öhdəlikləri isə ondan ibarətdir ki, hər bir dövlətin bəlli sərhədləri var. Həmin sərhədlərə hörmət etmək, digər dövlətlərə qarşı şovinist ideyalardan əl çəkmək, ərazi iddialarından qurtulmaq və bu iddiaları irəli sürməkdən vaz keçmək lazımdır.
Məhz bu siyasi-hüquqi öhdəliklər həyata keçirildikdən, eləcə də Ermənistanın həm işğal dövründə, həm işğaldan əvvəl, həm də işğaldan sonra Azərbaycana vurduğu maddi və mənəvi zərərlər hesablandıqdan sonra, əlbəttə ki, sülhün əldə olunması qarşısında ciddi bir problem qalmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB