"Kərə yağının təkrar qızdırılması keyfiyyətinə və qida dəyərinə təsir edir" - QİDA ÜZRƏ EKSPERT

"Kərə yağının təkrar qızdırılması keyfiyyətinə və qida dəyərinə təsir edir" - QİDA ÜZRƏ EKSPERT

"Əridilmiş kərə yağının təkrar qızdırılması yağ turşularının parçalanmasına, oksidləşmə məhsullarının əmələ gəlməsinə və yağda həll olan vitaminlərin azalmasına səbəb olur".

Bu sözləri SİA-ya açıqlamasında"Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, kərə yağının əhəmiyyətli dərəcədə saxlanma müddətinin uzadılması isə suyun, zülalın və laktoza hissəciklərinin uzaqlaşdırılması sayəsində mikrobioloji xarab olmanın qarşısını alır:

"Lakin əridilmiş formada belə uzunmüddətli saxlanma oksidləşməyə və qida dəyərinin tədricən azalmasına səbəb ola bilər.

Ümumiyyətlə, yüksək temperatur və oksigenin təkrar təsiri altında yağda bir sıra kimyəvi və fiziki proseslər baş verir. Belə ki, təkrar qızdırılma zamanı yağda olan doymamış yağ turşuları oksigenlə reaksiyaya girir, nəticədə peroksidlər, hidroperoksidlər, daha sonra isə aldehidlər və ketonlar əmələ gəlir. Bu maddələr yağın dadını və qoxusunu dəyişir, eyni zamanda hüceyrə səviyyəsində oksidləşdirici stressi artıra bilir. Bu proses oksidləşmə və peroksidlərin artması hesabına baş verir.

Sərbəst yağ turşularının əmələ gəlməsi isə triqliseridlərin parçalanması nəticəsində onların miqdarının artmasına səbəb olur. Bu da yağın turşuluq göstəricisini yüksəldir və tüstülənmə nöqtəsini aşağı salır.

Eyni zamanda, təkrar qızartma zamanı yağ molekullarının bir-biri ilə birləşməsi nəticəsində polimerlər əmələ gələ bilər. Nəticədə yağ daha da qatılaşır, köpüklənmə artır və tüstülənmə müşahidə edilir. Bu da öz növbəsində polimerləşmə və qatılaşma proseslərinin nəticəsidir.

A, E və D vitaminləri kimi yağda həll olan vitaminlər temperatur və oksidləşməyə həssasdırlar. Təkrar qızdırılma zamanı bu vitaminlərin aktivliyi aşağı düşür və nəticədə vitamin itkisi baş verir.

Akrolein və digər uçucu birləşmələr isə tüstülənmə nöqtəsi keçildikdə yağın parçalanması nəticəsində əmələ gələ bilər. Yaranan bu birləşmələr xoşagəlməz qoxuya səbəb olmaqla yanaşı, tənəffüs yolları və hətta bağırsaq sistemi üçün arzuolunmaz təsirlər yarada bilər.

Ümumiyyətlə, əridilmiş kərə yağının saxlanmasının keyfiyyətə və qida dəyərinə bir sıra təsirləri vardır. Kərə yağının əridilməsi və əridilmiş yağın hazırlanması zamanı suyun, adətən, 15–18 faiz miqdarında itirilməsi baş verir. Bu da öz növbəsində zülal və laktozanın ayrılmasına gətirib çıxara bilir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə