"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - DEPUTAT

"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - DEPUTAT

"Hərbi-siyasi qalibiyyət olmaqla yanaşı, milli iradənin, sarsılmaz birliyin, tarixi ədalətin ən uca zirvəsi kimi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Zəfər Gününün 6-cı ildönümünü böyük qürur və fəxrlə qeyd edirik".

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, bizə bu qüruru yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, əziz şəhidlərimizə, qazilərimizə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq:

"Qanları, canları ilə tarix yazan qəhrəmanlarımızın xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Tarixi Zəfərimizin, onun yol açdığı bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqlar fonunda Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan yeni dövrə qədəm qoyaraq gələcəyə inamla addımlayır. Azad edilmiş bütün ərazilərimizdə üçrəngli Bayrağımızın dalğalanması tarixi Zəfərimizin ən böyük rəmzidir. Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümü münasibətilə noyabrın 8-də Xankəndidən Azərbaycan xalqını təbrik etməsi tarixi günün siyasi və mənəvi mahiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi xüsusi rəmzi məna daşıyır. Vaxtilə separatizmin mərkəzi olan Xankəndi bu gün Azərbaycanın dövlət suverenliyinin, milli birliyinin və tarixi Zəfərinin təntənəsini nümayiş etdirir. Təbrikdə artıq tarixin arxivinə atılmış separatçı rejimin vaxtilə yerləşdiyi binanın gələcək taleyi ilə bağlı açıqlama da xüsusi diqqət çəkir. Vaxtilə separatçıların fəaliyyət göstərdiyi həmin binada son tamamlama işlərindən sonra Zəfər Muzeyi fəaliyyət göstərəcək. Prezident İlham Əliyev qeyd etdi ki, “O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək”. Azərbaycan xalqına qarşı cinayətlər törətmiş hərbi cinayətkarların bu gün Bakı həbsxanalarında öz layiqli cəzalarını çəkmələri isə tarixi ədalətin bərpasının digər mühüm göstəricisidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa təbrikində diqqəti bir daha 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarına, qələbəni şərtləndirən amillərə yönəltdi. Xalqımızın Vətən müharibəsində bir yumruq kimi birləşdiyini önə çəkən dövlət başçısı Zəfərin qəlbimizdə əbədi yaşayacağını, bu Zəfərlə daim fəxr edəcəyimizi bildirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 gündə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə yeni bir səhifə yazdı. XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələri ən müasir texnologiyalardan, pilotsuz uçuş aparatlarından və taktiki döyüş üsullarından məharətlə istifadə edərək düşmənin onilliklər ərzində qurduğu keçilməz müdafiə xətlərini və istehkamlarını darmadağın etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, həmçinin xüsusi coğrafi relyefə malik olan və sıldırım qayalarla əhatələnən Şuşa şəhərinin azad edilməsi Azərbaycan əsgərinin fiziki və mənəvi gücünün, yüksək peşəkarlığının bariz nümunəsidir. Şuşanın azad olunması ilə fəth edilən zirvə, bu böyük qələbənin rəmzinə çevrildi. Bu böyük qələbəni şərtləndirən ən mühüm amillərdən biri Prezident-xalq-ordu birliyi, sarsılmaz vəhdəti oldu. Müharibə dövründə Azərbaycan cəmiyyəti etnik, dini və siyasi baxışlarından asılı olmayaraq vahid bir cəbhədə birləşdi. Dövlət başçısının qeyd etdiyi kimi azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur. Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir.

Ali Baş Komandanın informasiya cəbhəsində, beynəlxalq media platformalarında apardığı prinsipial və cəsarətli mübarizə, xarici təzyiqlərə qarşı qətiyyətli mövqeyi xalqa tükənməz ruh yüksəkliyi bəxş etdi. Dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı, arxa cəbhədə göstərdiyi fədakarlıqla ön cəbhədəki əsgərimizin ən böyük dayağı oldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Düşmənin beli döyüş meydanında qırıldı. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən azad edildi. O yaşayış məntəqələrində Azərbaycan Bayrağı qaldırıldı və bunun nəticəsində noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, o vaxt döyüş meydanında hələ azad olunmamış ərazilər də Azərbaycana qaytarıldı, bir güllə atılmadan, bir şəhid vermədən. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik. Bütün Azərbaycan xalqı fəxr edir. Gələcək nəsillər də fəxr edəcəklər. Bu şanlı tarix bizim qəlbimizdə əbədi yaşayacaq.

Bu gün azad Qarabağımız, azad Şərqi Zəngəzurumuz Azərbaycanın təkmil dirçəliş modelini, şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim etməyin qürurunu yaşayır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 6-da işğaldan azad edilmiş ərazilərə növbəti səfərləri Zəfərimizin zirvəsində dayanan Böyük Qayıdışın, bu torpaqların dirçəlişinin, milli gücümüzün növbəti təntənəsi oldu. Bu tarixi səfər çərçivəsində reallaşan mühüm açılışlar Böyük Qayıdış Proqramının nə dərəcədə sürətlə icra olunduğunu bir daha təsdiqlədi. Yeni kəndlərin istifadəyə verilməsi və sakinlərinə qovuşması, təhsil infrastrukturunun bərpası, iqtisadi dirçəlişə və məşğulluğun təmin edilməsinə xidmət edən mühüm addımlar, ümumiyyətlə, Qarabağın və Şərqi Zəngəzurun sürətli inkişafı üçün görülən işlərlə tanışlıq səfər proqramının əsas tərkib hissələri oldu. Bu gün işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Ermənistan işğal dövründə bu torpaqlarda dağıntılar törətmiş, təbii sərvətləri talamış, meşələri qırmış, mədənləri qanunsuz istismar etmişdisə, Azərbaycan bu gün şəhər və kəndləri yenidən qurur, müasir infrastruktur yaradır. Bu, xalqımızın qurub-yaratmaq əzminin və torpaqlarımıza bağlılığının bariz ifadəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, işğal dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, “Böyük Qayıdış” Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak edib Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşməsi də Böyük Qayıdış Proqramının uğurlu icrasının aydın mənzərəsini yaradır. 6 ilin uğurları Böyük Qayıdış Proqramının birinci mərhələsində qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqləməklə yanaşı, növbəti mərhələnin də aydın mənzərəsini təqdim edir. Hədəf uğurların başlanğıcıdır. Azərbaycan bütün hədəflərə ardıcıllıqla nail olaraq bu gün dünyaya təqdim etdiyi inkişaf, əməkdaşlıq modeli, sülh təcrübəsi ilə diqqətdədir. Azərbaycan regionda dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi töhfələri davamlıdır. Cənubi Qafqaz regionu artıq münaqişə deyil, sülh və tərəqqi məkanına çevrilib. Bütün bunlar Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlardır. Azad Qarabağımız, azad Zəngəzurumuz Zəfər Gününün sevincini yaşayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bu torpaqlarda əbədi yaşayacağıq.

Azərbaycan bu gün siyasi, iqtisadi və hərbi baxımdan tam müstəqil, suveren və öz milli maraqlarını müstəqil şəkildə müəyyən edən güclü dövlətdir. Ölkəmiz heç bir xarici qüvvədən asılı olmadan öz inkişaf strategiyasını həyata keçirir və beynəlxalq münasibətlər sistemində müstəqil və güclü mövqeyi ilə seçilir. Bu güc uzun illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, iqtisadi inkişaf, ordu quruculuğu və milli birliyin möhkəmləndirilməsi nəticəsində formalaşıb. Azərbaycan əldə etdiyi tarixi Zəfərlə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, dövlət iradəsinin və müstəqil siyasətinin gücünü də nümayiş etdirdi. Bu gün əsas prioritetlərdən biri ölkənin müdafiə və təhlükəsizlik potensialını daha da gücləndirməkdir. Gələcək hədəf Azərbaycanın gücünü və müdafiə imkanlarını elə bir səviyyəyə çatdırmaqdır ki, heç bir dövlət və ya qüvvə ölkəmizə qarşı təhdid və təzyiq göstərməyi belə düşünməsin. Dövlət başçısının qeyd etdiyi kimi biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Əminəm ki, belə də olacaq. Bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə