"Azərbaycanın çoxəsrlik şanlı tarixinin, eləcə də müasir dövlətçilik salnaməsinin ən parlaq və qürurverici səhifələrindən biri məhz 8 Noyabr – Zəfər Günüdür".
Bu sözləri SİA-ya Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, vətən müharibəsində qazanılmış bu misilsiz qələbə sadəcə otuz illik işğala son qoyan hərbi uğur deyil, həm də xalqımızın milli ləyaqətinin, sarsılmaz iradəsinin və ədalətin bərpasının təntənəsidir:
"Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi ki, əgər bir millət öz torpağı, Vətəni və haqqı uğrunda yumruq kimi birləşməyi bacarırsa, heç bir haqsızlıq, heç bir işğal siyasəti uzunmüddətli ola bilməz. Tarixi Zəfərimiz Azərbaycanın geosiyasi çəkisini kökündən dəyişməklə yanaşı, həm də regionda yeni reallıqlar yaratdı, sülhün və təhlükəsizliyin təmin olunması üçün mühüm təməl formalaşdırdı.
Bu zəfərin arxasında duran əsas amillərdən biri məhz dövlət ilə xalqın həmrəyliyi, milli birlik və güclü siyasi iradə oldu. Otuz il ərzində düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsi ideyası hər bir azərbaycanlının qəlbində yaşatdığı sönməz bir məşəl idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şücaəti, əsgər və zabitlərimizin döyüş meydanında göstərdiyi fədakarlıq tariximizə qızıl hərflərlə yazıldı. Hər bir qarış torpaq uğrunda verilən qurbanlar, qazilərimizin canı və qanı bahasına əldə olunan bu qələbə göstərdi ki, Azərbaycan əsgəri üçün Vətən sevgisi hər şeydən üstündür. 8 Noyabr həmin bu haqq savaşının – “Dəmir Yumruq” əməliyyatının məntiqi nəticəsi, ədalətin gec də olsa öz yerini tapmasının təcəssümüdür. Xüsusilə qeyd etmək lazımdır ki, Şuşanın azad edilməsi zəfərimizin tacı oldu, bu qədim mədəniyyət beşiyimizin azad edilməsi həm mənəvi, həm də strateji baxımdan müharibənin taleyini həll edən əsas dönüş nöqtəsi idi.
Zəfər Gününün Azərbaycan tarixindəki əhəmiyyəti həm də onunla ölçülür ki, o, xalqımızın məğlub statusu ilə barışmaq istəmədiyini və öz gücünə hər cür maneəni dəf etməyə qadir olduğunu sübut etdi. Uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin kağızda qalması Azərbaycanı öz haqqını öz gücü ilə təmin etməyə məcbur etdi. Azərbaycan dövləti iqtisadi inkişafı, uğurlu xarici siyasəti və müasir ordusu sayəsində elə bir güc səviyyəsinə çatdı ki, istənilən strateji hədəfi reallaşdırmağa qadir olduğunu sübuta yetirdi. Bu baxımdan, 8 Noyabr həm də müasir Azərbaycanın gücünün, iqtisadi qüdrətinin və hərbi potensialının nümayiş olunduğu qlobal bir mesajdır.
Gələcək nəsillər üçün 8 Noyabr Zəfər Günü tükənməz qürur mənbəyi olmaqla yanaşı, həm də böyük bir məsuliyyət və vətənpərvərlik dərslikləridir. Tariximizin bu şanlı səhifəsi gənclərimizə öyrədir ki, Vətəni sevmək, onu qorumaq və inkişaf etdirmək hər bir vətəndaşın müqəddəs borcudur. Gələcək nəsillər bu torpaqların hansı çətinliklərlə, necə bir qəhrəmanlıqla və hansı qurbanlar bahasına azad olunduğunu heç vaxt unutmamalıdırlar. Zəfərimiz bizə sülh içində yaşamaq, qurub-yaratmaq və gələcəyə daha inamla baxmaq hüququ qazandırdı. İndi isə əsas vəzifə azad edilmiş torpaqlarımızı - Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmək, orada həyatı yenidən canlandırmaq, Böyük Qayıdış proqramını uğurla başa çatdırmaqdır. Bu gün həmin ərazilərdə həyata keçirilən nəhəng infrastruktur layihələri, ağıllı şəhər və kəndlər, səfalı yollar və quruculuq işləri göstərir ki, Azərbaycan xalqı öz yaradıcı ruhu ilə də qalib gəldiyi kimi, quruculuq sahəsində də yeni bir tarix yazır.
Beləliklə, Zəfər Günü yalnız ötən günlərin qələbəsinin bayramı deyil, həm də Azərbaycanın sabahına, parlaq gələcəyinə yönəlmiş böyük bir baxışdır. Bu gün hər bir azərbaycanlı dünyanın harasında yaşamasından asılı olmayaraq, başını dik tutaraq qürurla yaşayırsa, bunu məhz həmin zəfərə və onun memarlarına borcludur. Tarixə qızıl hərflərlə yazılan bu gün, xalqımızın birliyinin və əzminin heç vaxt sarsılmayacağının əyani sübutu olaraq əbədiyaşar olacaqdır. Azərbaycan dövləti və xalqı əldə olunmuş bu nailiyyətləri qoruyub saxlamaqla, gələcək nəsillərə daha güclü, qüdrətli və çiçəklənən bir Vətən əmanət edəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB