Səhiyyəyə investisiyalar: texniki yeniliklərlə yanaşı, insan kapitalı da önəmlidir -SOSİOLOQ
Səhiyyə sahəsində müəyyən yeniliklərin həyata keçirilməsi, yeni nazirin gəlişi, TƏBİB-də baş verən struktur islahatları və digər dəyişikliklər gələcəkdə bu sahəyə daha ciddi investisiyaların yatırılması üçün zəmin yarada bilər. Lakin hazırkı vəziyyəti böyük investisiya qoyuluşu kimi qiymətləndirməkdə çətinlik çəkirəm. Ola bilsin ki, bundan sonra bu məsələlər daha çox gündəmə gəlsin və səhiyyə sistemində aparılan islahatlar nəticəsində böyük investisiyalardan danışmaq mümkün olsun.
Bu fikirləri Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, regionların klinikalarının vəziyyətinə nəzər salsaq, ciddi problemlərin mövcud olduğunu görərik. Belə ki, əksər bölgələrimizin xəstəxanalarında, xüsusilə də təcili tibbi yardım şöbələrində MRT və KT aparatları yoxdur. Bir çox müəssisələrdə rentgen aparatları sovet dövründən qalıb, onların bir qismi isə sıradan çıxıb və təmirə ehtiyac duyur. Anestezioloji avadanlıqlar da əksər hallarda müasir tələblərə cavab vermir. Yəni səhiyyə infrastrukturunda həllini gözləyən problemlər kifayət qədər çoxdur.
Son vaxtlar Koreya və digər ölkələrin şirkətləri ilə əməkdaşlıq, müxtəlif tibbi layihələr barədə məlumatlara rast gəlirəm. Ehtimal edirəm ki, gələcəkdə bu istiqamətdə daha ciddi investisiyalar həyata keçirilə bilər. Amma burada əsas məsələ yalnız texniki avadanlıqlara investisiya yatırılması deyil. İnsan kapitalına, ixtisaslı kadrlara investisiya qoyuluşu daha böyük əhəmiyyət daşıyır.
Məsələn, hansısa radioloji müayinə aparatı alaraq Laçın Mərkəzi Xəstəxanasında yerləşdirə bilərik. Lakin həmin müəssisədə peşəkar radioloq yoxdursa, bu avadanlığın orada olmasının nə mənası var? Problemin əsas mahiyyətini məhz burada görmək lazımdır. Səhiyyəyə investisiya qoyuluşu həm müasir avadanlıqları, həm də həmin avadanlıqlarla işləyə biləcək ixtisaslı mütəxəssislərin hazırlanmasını və təmin edilməsini əhatə etməlidir.
İxtisaslı həkimlərin xaricə üz tutmasının səbəblərindən biri də əməkhaqqı və iş şəraitidir. Məsələn, Almaniyada həkimlər əsas əməkhaqlarından əlavə gecə növbələrinə görə də ciddi məbləğdə qonorar alırlar. Gənc həkim bir gecə növbəsinə görə təxminən 200 avroya qədər əlavə ödəniş əldə edə bilər. Ay ərzində on gecə növbəsində çalışdığı halda bu məbləğ 2 min avroya çata bilər. Bu vəsait həkimin kommunal, qida və kirayə xərclərini qarşılamağa imkan verir, əsas əməkhaqqı isə onun özünə qalır.
Bununla yanaşı, həmin həkimlər güclü sosial təminat sisteminə malik ölkələrdə, müasir avadanlıqlarla təchiz olunmuş klinikalarda çalışırlar. Onların həm peşəkar biliklərini artırmaq, həm də sosial imkanlardan yararlanmaq üçün daha geniş şəraiti var.
Azərbaycanda isə ixtisaslı həkimlərin 1100-1200 manat civarında əməkhaqqı alması ciddi suallar doğurur. Bu məbləğlə gənc mütəxəssisin ölkədə qalmasını və peşəkar inkişafını təmin etmək çətindir. Rezidentlərin 300-400 manat əməkhaqqı alması da vəziyyəti daha da mürəkkəbləşdirir.
Digər tərəfdən, Türkiyədə rezidentura mərhələsində çalışan həkimlərimizin daha yüksək əməkhaqqı və geniş peşəkar imkanlar əldə etməsi onların xaricə üz tutmasına təsir göstərən amillərdəndir. Bütün bunlar göstərir ki, gənc həkimlərin ölkədə qalması üçün yalnız çağırışlar etmək kifayət deyil.
İxtisaslı həkimləri və gənc mütəxəssisləri ölkədə saxlamağın yolu onların sosial və peşəkar təminatını gücləndirməkdən keçir. Bunun üçün layiqli əməkhaqqı, müasir iş şəraiti, keyfiyyətli tibbi avadanlıqlar, peşəkar inkişaf imkanları və sosial təminat yaradılmalıdır.
Bunlar təmin edilmədiyi halda, gənc mütəxəssislər alternativ imkanlara üstünlük verəcəklər. Bu isə onların şəxsi və konstitusion hüququdur. Heç kimin həkimi zorla ölkədə saxlamaq hüququ yoxdur. Əsas məqsəd elə şərait yaratmaq olmalıdır ki, həkim ölkədə qalmağı özü seçsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB