"8 Noyabr xalqımızın milli qürurunun və sarsılmaz birliyinin təcəssümüdür" - DEPUTAT
"8 Noyabr Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş, milli qürurumuzun, birliyimizin və sarsılmaz iradəmizin təntənəsini əks etdirən bir tarixdir".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün xalqımızın illər boyu həsrətində olduğu doğma torpaqlarına qovuşmaq arzusunun gerçəkləşdiyi, dövlətimizin hərbi və siyasi qüdrətinin bütün dünyaya nümayiş olunduğu şanlı Zəfər günüdür:
"8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlıq tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Bu qərar Şuşanın azad edilməsinin tarixi və mənəvi əhəmiyyətini bir daha təsdiqlədi.
Bu böyük qələbənin arxasında saysız-hesabsız qəhrəmanlıq nümunələri, Vətən uğrunda canından keçən igid oğullarımızın fədakarlığı dayanır. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və əsgərlərimizin misilsiz şücaəti hesabına qazanılan Zəfər xalqımız üçün əbədi qürur mənbəyidir. Onların əziz xatirəsi daim ehtiramla yad edilir, qəhrəmanlıqları gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olaraq yaşayır.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda dalğalanan üçrəngli bayrağımız xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün və müstəqilliyimizin rəmzidir. Uzun illər doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayan insanların bu gün həmin torpaqlarda yenidən məskunlaşması Zəfərin ən böyük mənəvi nəticələrindən biridir.
Hazırda Qarabağ öz tarixi və mədəni əzəmətini yenidən bərpa edərək Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri kimi inkişaf edir. Burada keçirilən beynəlxalq tədbirlər, festivallar, mədəniyyət günləri və həyata keçirilən bərpa layihələri şəhərin əvvəlki şöhrətinin özünə qaytarılmasına xidmət edir.
44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, xalq, ordu və dövlət vahid amal ətrafında birləşdikdə qarşıya qoyulan ən böyük məqsədlərə nail olmaq mümkündür. Həmin günlərdə nümayiş etdirilən birlik Azərbaycan xalqının milli iradəsinin və sarsılmaz ruhunun təcəssümünə çevrildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB